“Orta müddətdə bazarın yeni tələblərə uyğunlaşacağı proqnozlaşdırılır” - EKSPERT DANIŞDI

“Mopedlərin idarə olunması ilə bağlı yeni tələblərin tətbiqi bazara qısa və orta müddətdə müəyyən təsirlər göstərəcək. “A1” kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat və dövlət nömrə nişanı kimi tələblər xüsusilə kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün əlavə maliyyə və inzibati məsuliyyət yaradır”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklərin ilkin mərhələdə kuryer xidmətlərinin qiymətlərinə təsir etməsi ehtimalı yüksək qiymətləndirilir:

”Çünki bazarda fəaliyyət göstərən bəzi sürücülər yeni qaydalara uyğunlaşmaq üçün əlavə xərclərlə qarşılaşacaq, bəziləri isə müvəqqəti olaraq fəaliyyətdən çəkilə bilər. Bu isə xidmət təklifinin qısamüddətli azalmasına və nəticə etibarilə məhsul və xidmətlərin maya dəyərinin artmasına səbəb ola bilər.

Alternativ olaraq velosiped və elektrik skuterlərinə marağın artacağı gözlənilir. Lakin bu nəqliyyat vasitələri hər məsafə və hava şəraitində eyni effektivliyi təmin etmədiyi üçün mopedi tam əvəz etməsi çətin görünür. Bu amil də çatdırılma müddətinə və xidmət keyfiyyətinə müəyyən təsir göstərə bilər.

Orta müddətdə isə bazarın yeni tələblərə uyğunlaşacağı proqnozlaşdırılır. Sürücülər sənədləşmə prosesindən keçdikcə və şirkətlər əlavə xərcləri optimallaşdırdıqca bazarda stabilləşmə müşahidə oluna bilər. Bununla belə, ilkin mərhələdə müəyyən qiymət artımının baş verməsi istisna edilmir.

Qərarın əsas məqsədi təhlükəsizliyin artırılması və bazarın daha şəffaf fəaliyyətinin təmin olunmasıdır. Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, həddindən artıq tənzimlənmə iqtisadi fəallığa əlavə yük yarada bilər. Buna görə də balanslı və mərhələli yanaşmanın tətbiqi daha məqsədəuyğun hesab olunur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə