“Qırğızıstan dayanıqlı şəhər inkişafını dövlət siyasətinin prioritetinə çevirib” - Qırğızıstan prezidenti

“İqlim dəyişikliklərinin nəticələri, infrastruktur üzərində artan təzyiq, mənzil problemləri və təhlükəsizlik məsələləri bu gün şəhərlərin qarşısında duran əsas çağırışlardır. Məhz buna görə də mənzil tikintisinin inkişafı Qırğız Respublikasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır”.

SİA xəbər verir ki, bu barədə Qırğızıstanın sabiq prezidenti Askar Akayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində təşkil olunan Liderlər Sammitində bildirib.

O qeyd edib ki, 2025-ci ildə Qırğızıstanda 1,8 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib, sektora yönəldilən investisiyaların həcmi isə 2 milyard dollara yaxın olub.

Askar Akayev bildirib ki, dövlət mənzil siyasəti çərçivəsində 2021-ci ildən bu günə qədər 9 mindən çox ailə mənzillə təmin olunub. Təkcə 2025-ci ildə isə 2600-dən artıq ailəyə yeni mənzillərin açarları təqdim edilib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 70 mindən çox mənzil tikilir və bu, gələcəkdə mənzil əlçatanlığının daha da artırılması üçün möhkəm zəmin yaradır.

Askar Akayev Bişkek şəhərində həyata keçirilən islahatlara da toxunaraq bildirib ki, şəhər infrastrukturu modernləşdirilir, ictimai nəqliyyat sistemi yenilənir və rəqəmsal idarəetmə həlləri tətbiq olunur.

O vurğulayıb ki, ötən il Bişkekdə Mərkəzi Asiyada ilk tullantıların emalı zavodu fəaliyyətə başlayıb. Zavod ildə 365 min tona qədər tullantını emal etmək və 30 meqavatadək elektrik enerjisi istehsal etmək gücünə malikdir.

Qırğızıstanın sabiq prezidenti qeyd edib ki, Ox və Cəlal-Abad şəhərlərində də oxşar müəssisələrin tikintisi planlaşdırılır.

Askar Akayev əlavə edib ki, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Bişkekdə “Min Yaşıl Divar” pilot layihəsinə start verilib. Layihənin məqsədi şəhərlərin yaşıllaşdırılması və ekoloji davamlılığın gücləndirilməsidir.

O bildirib ki, Qırğız Respublikası həm öz təcrübəsini bölüşməyə, həm də digər ölkələrin uğurlu təcrübələrindən faydalanmağa hazırdır.

“Yalnız birgə səylərlə gələcək nəsillər üçün dayanıqlı, inklüziv və rahat şəhərlər qurmaq mümkündür”, – deyə Askar Akayev vurğulayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə