“Orqanizmə əsas yükü çox vaxt turşuluq deyil, qida ilə qəbul edilən duzun miqdarı verir. Şoraba suyu isə yüksək duzlu məhlul olduğu üçün xüsusilə diqqət tələb edir. Bu cür məhsullar arterial təzyiqin tənzimlənməsini bir neçə mexanizm üzərindən çətinləşdirə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, birinci əsas mexanizm maye balansı ilə bağlıdır:
”Qanda natrium səviyyəsi yüksəldikdə orqanizm suyu daha çox saxlayır və nəticədə damar daxilində dövr edən qanın həcmi artır. Bu isə arterial təzyiqin yüksəlməsinə şərait yaradır. Xüsusilə duza həssas şəxslərdə bu təsir daha güclü olur. Böyrəklər artıq natrium və suyu effektiv şəkildə xaric edə bilmədikdə, təzyiqin yüksəlməsi daha da asanlaşır.
İkinci mexanizm damarların elastikliyi ilə əlaqədardır. Yüksək duz qəbulu yalnız maye həcmini artırmır, həm də damar divarlarının genişlənmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Zamanla damarların sərtliyinin artması və elastikliyin azalması təzyiqin daha qeyri-sabit olmasına səbəb olur. Bu isə ürəyin iş yükünü artıraraq ürək-damar sisteminə əlavə stress yaradır.
Şoraba təkbaşına infarkt və ya insultun birbaşa səbəbi hesab edilə bilməz. Lakin yüksək duz qəbulu arterial təzyiqi yüksəldərək bu xəstəliklər üçün risk faktorunu artırır. Yəni əsas təhlükə şorabadan deyil, onun təzyiq üzərində yaratdığı dolayı təsirdən qaynaqlanır.
Bu cür qidalarda risk yaradan əsas komponent duzdur. Gündəlik tövsiyə olunan duz miqdarı təxminən 5 qramdır. Şoraba kimi məhsullarda isə az miqdar belə bu normanı aşmağa səbəb ola bilər. Xüsusilə şoraba suyunun ayrıca qəbul edilməsi natrium yükünü daha da artırır.
Bundan əlavə, bəzi konservləşdirilmiş və marinad olunmuş məhsullarda natrium tərkibli əlavələr də mövcud olur. Mononatrium qlütamat, natrium benzoat kimi maddələr ümumi natrium yükünü artıraraq riskin yüksəlməsinə səbəb ola bilər. Həmçinin bəzi məhsullarda şəkər əlavələri də rast gəlinir ki, bu da birbaşa təzyiqi qaldırmasa da, çəki artımı və metabolik risklər vasitəsilə ürək-damar sisteminə dolayı təsir göstərə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB