"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

"Neftçi” İdman Klubunun nümayəndə heyəti icraçı direktor Fərəc Əliyevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərinə səfər edərək "Aliağa Petkim İdman" klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

SİA xəbər verir ki, keçirilən görüşlər çərçivəsində tərəflər əsasən basketbol idman növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfər nəticəsində iki klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.

Bu səfər “Neftçi” İdman Klubunun beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və Azərbaycan idmanının xaricdə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə