Bir Lider, bir Vətən, bir Tale - MƏQALƏ

Bu gün böyük dövlət xadimi, görkəmli şəxsiyyət Heydər Əliyevin doğum günüdür. Hansı sosial hesaba, hansı şəxsi profil və səhifələrə baxırsan, hər kəs ulu öndərə öz sevgisini, hörmət və ehtiramını bildirir, onun xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərini qürurla xatırlayır. Bu sevginin səbəbi sadəcə böyük siyasi fəaliyyət deyil. Çünki bəzi şəxsiyyətlər dövlət idarə etmir — onlar xalqın taleyinə çevrilirlər. Heydər Əliyev də məhz belə liderlərdən idi.

Napoleon deyirdi ki, böyük insanlar millətlərin taleyini dəyişən insanlardır. Heydər Əliyevin taleyində Naxçıvan, Naxçıvanın taleyində isə Heydər Əliyev fenomeni çox dərin və taleyüklü mövzudur. Bu münasibətdə təkcə siyasi deyil, həm də mənəvi və fəlsəfi bağlılıq var. Fikrimcə, yalnız min illər boyu böyük imperiyaların toqquşma nöqtəsində varlığını qoruyan, beş dəfə yandırılıb dağıdılan, amma hər dəfə yenidən ayağa qalxan mübariz Naxçıvan torpağı Heydər Əliyev kimi nəhəng siyasi xadimi dünyaya bəxş edə bilərdi.

O, məhz bu kiçik, amma ruhu böyük diyardan Sovet İttifaqının rəhbərliyinə yüksəldi, xalqımızın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Hakimiyyət pillələrindən məqsədli şəkildə uzaqlaşdırıldıqdan sonra isə 1990-cı ildə yenidən doğma Naxçıvana qayıtdı. O qayıdış təkcə bir siyasətçinin Vətənə dönüşü deyildi. Bu, Azərbaycanın xilasa aparan yolunun başlanğıcı idi.

Məhz Naxçıvanda müstəqil Azərbaycanın siyasi təməli atıldı. Məhz burada üçrəngli bayraq yenidən ucaldıldı. Məhz burada xalq öz gələcəyinin liderini yenidən bağrına basdı. Sonralar ümummilli lider Heydər Əliyev bu barədə deyəcəkdi:

“Mən 1990-cı il iyulun 22-də Naxçıvana gəldim. Mən gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”.

Bəli, hər insan öz taleyini yaşayır. Bəzən xalqların taleyi də bir insanın taleyi ilə birləşir. Naxçıvanın və naxçıvanlıların taleyi də ulu öndərlə bağlı idi. Çünki o ağır və mürəkkəb günlərdə Naxçıvan Heydər Əliyevi qorudu, Heydər Əliyev isə Naxçıvanı.

Prezident İlham Əliyev bu həqiqəti bir cümlə ilə çox dəqiq ifadə edib:

“Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Bu qısa, lakin dərin məna daşıyan fikir Heydər Əliyev–Naxçıvan münasibətinin mahiyyətini təşkil edir. Çünki müasir, müstəqil və suveren Azərbaycan da, bugünkü Naxçıvan da Heydər Əliyevin siyasi dühasının və iradəsinin nəticəsidir.

Bu gün Azərbaycan artıq qalib dövlətdir. Dünyanın siyasi mənzərəsində öz xüsusi yeri və çəkisi var. Ətrafımız müharibələrlə, qarşıdurmalarla əhatə olunsa da, XXI əsrdə Azərbaycan qədər sürətli, qətiyyətli və nəticə etibarilə tam zəfərlə başa çatan müharibə aparan ikinci bir dövlət tapmaq çətindir. Bu Zəfərin arxasında isə Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu, milli birlik fəlsəfəsi və siyasi məktəb dayanır.

İndi isə Zəngəzurdan Naxçıvana körpü salmaq zamanıdır. Bu körpü uğrunda artıq bütün meydanlarda böyük mübarizə gedir. Və gec-tez bu böyük arzu gerçəyə çevriləcək.

Bəli, bu layihənin böyük iqtisadi əhəmiyyəti var. Amma məsələ təkcə iqtisadiyyat deyil. Bizim üçün bu yol illərin həsrətinin bitməsi, yurddan yurda qovuşmaq, bir millətin parçalanmış yollarını yenidən birləşdirmək deməkdir.

İllərlə özümüzü də, doğmalarımızı da Naxçıvana təyyarə ilə aparmışıq. Şəhidlərimizin tabutlarını hava limanında qarşılamışıq. Toyumuza da, yasımıza da bilet növbələri ilə getmişik. Qazsız, işıqsız, çörəksiz günlər yaşamışıq. Amma sınmamışıq. Çünki Naxçıvan təkcə coğrafiya deyil — iradədir, müqavimətdir, Vətən sevgisinin sərhəd qalasıdır.

İndi zaman yetişib. Heydər Əliyevin Vətəninə — onun əzizlərinin, Əlirza kişinin və İzzət xanımın uyuduğu müqəddəs torpağa mütləq quru yolumuz olacaq. O yol təkcə asfalt olmayacaq. O yol həm də yaddaşın, qürurun, birliyin və tarixi ədalətin yolu olacaq.

Qısası, Naxçıvanda yaşamaq da, işləmək də, onu qorumaq və inkişaf etdirmək də ikiqat məsuliyyətdir. Çünki bu diyar Heydər Əliyevin arzularının, mübarizəsinin və siyasi irsinin şəhəridir. Azərbaycanın həm Şərqə, həm də Qərbə açılan müqəddəs qapısıdır.

P.S. Ulu öndərin doğum günü ilə bağlı Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında etdiyi paylaşım günün bəlkə də ən təsirli fikri idi:

“Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir”.

Sahil TAHİRLİ

Bütün xəbərlər Facebook səhifəmizdə