"Azərbaycan və Latviya beynəlxalq təşkilatlarda əməkdaşlığı gücləndirir" - DEPUTAT DANIŞDI

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir. Bu səfər, eyni zamanda, qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələrimizin hazırkı səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirir.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Latviya arasında münasibətlər möhkəm təməllər üzərində qurulub:

“Ölkələrimiz arasındakı tarixən formalaşmış dostluq ənənələri bu gün də uğurla davam etdirilir, siyasi dialoq isə dinamik və konstruktiv xarakter daşıyır. Ötən illər ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, iqtisadiyyat, nəqliyyat, logistika, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq genişlənib. Bu münasibətlərin əsasını qarşılıqlı maraqların uzlaşdırılması və xalqlarımızın rifahına xidmət edən ortaq məqsədlər təşkil edir. Hazırda ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Xüsusilə enerji təhlükəsizliyi, “yaşıl enerji”, rəqəmsal transformasiya və nəqliyyat dəhlizləri kimi sahələr qarşılıqlı fəaliyyət üçün perspektivli istiqamətlərdir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları Latviyanın da maraqlarına cavab verir və bu platformalarda əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol oynayır”.

Deputat bildirib ki, Latviya və Azərbaycan daim bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə dəstək göstəriblər:

“Bu prinsipial mövqe beynəlxalq hüquqa hörmətin bariz nümunəsi olmaqla yanaşı, ölkələrimiz arasında siyasi etimadı daha da gücləndirir. Qarşılıqlı dəstək və həmrəylik müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edir və Azərbaycan-Latviya münasibətlərində bu amil aydın şəkildə özünü göstərir. Eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Latviya bu təşkilatın üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin inkişafında mühüm rol oynayır”.

S.Salmanova hesab edir ki, Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcını qoyacaq:

“Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə aparılan müzakirələr, iki ölkə arasında imzalanmış sənədlər gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirəcək, tərəfdaşlığımıza yeni məzmun qazandıracaq. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək, həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalarda daha da genişlənəcək. Bu münasibətlər regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə də öz töhfəsini verəcək”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə