"Atılan addımlar tərəflərin etimadı gücləndirmək istəyini nümayiş etdirir"

Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin getdiyi üç paralel yol və ya format mövcuddur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

“Birinci format sülh sənədinin hazırlanmasıdır. Bildiyiniz kimi, o əvvəlcədən Vaşinqtonda razılaşdırılmışdı. Bu, artıq hazır sənəddir, praktik olaraq dəyişməzdir. Ümid edirəm ki, yaxın gələcəkdə hər iki ölkə tərəfindən imzalanacaq və ratifikasiya olunacaq. Başqa sözlə, hazırda rəsmi imza gözləyən mətnimiz var.

İkinci proses sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Burada da əhəmiyyətli işlər görülüb; hər iki respublikada komissiyaların birgə fəaliyyəti ilə bağlı əsasnamələr imzalanıb və təsdiqlənib. Bu, son dərəcə vacib bir mərhələdir. Ümid edirəm ki, bu il ərzində delimitasiya və demarkasiya prosesinin birbaşa “yerində” davamını görəcəyik.

Üçüncü məqam kommunikasiyaların açılması məsələsidir. Tərəflər Amerika tərəfinin təklif etdiyi ideyalar əsasında ortaq məxrəcə gəldikləri üçün Vaşinqtonda bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Bildiyim qədərilə, hazırda imzalanması planlaşdırılan böyükhəcmli sənəd hazırlanır. Ermənistan tərəfi işin öz hissəsini başa çatdırıb və indi, belə demək olar ki, top vasitəçilərin meydanındadır”, - deyə Ermənistan Şurasının prezidenti bildirib.

O hesab edir ki, bu təşəbbüsün özü və bir erməni ekspert kimi bu gün Azərbaycanda olması və həmkarları ilə birlikdə mətbuat konfransı keçirməsi artıq bu istiqamətdə ciddi bir addımdır: “Lakin bu sahədə digər mühüm işlər də görülür. Məsələn, yanacaq və digər mallar Azərbaycandan və ya onun ərazisindən tranzitlə Ermənistana daşınır. Bütün bunlar birlikdə tərəflərin etimadı möhkəmləndirmək istəyini nümayiş etdirir. Əlbəttə ki, bu cür tədbirlər heç vaxt çox ola bilməz. Bu iş davam etdirilməlidir”, – deyə A.Koçinyan sözünü yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə