“Rusiya–Ukrayna müharibəsi əməliyyatdan aşındırma müharibəsinə çevrilib“ - ŞƏRH OLUNDU

“2022-ci ildə başlanmış və artıq dördüncü ilinə daxil olan Rusiya–Ukrayna müharibəsi qısa müddətli hərbi əməliyyat xarakterindən çıxaraq uzunmüddətli aşındırma (attrition) müharibəsinə transformasiya olunmuşdur. Bu mərhələdə əsas göstərici sürətli hərbi qələbə deyil, tərəflərin resurs dayanıqlığı və davamlı mobilizasiya imkanlarıdır”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, münaqişə tərəfləri ciddi insan itkisi ilə üzləşsə də, daha strateji əhəmiyyət daşıyan məqam iqtisadi və institusional yüklənmənin artmasıdır. Ukrayna ərazisində infrastrukturun sistemli şəkildə məhv edilməsi ölkənin enerji təminatı, nəqliyyat şəbəkəsi və sənaye potensialını ciddi şəkildə zəiflətmiş, Rusiya isə genişmiqyaslı sanksiyalar fonunda iqtisadi modelini daha çox hərbiləşdirilmiş və dövlət tərəfindən idarə olunan struktura uyğunlaşdırmaq məcburiyyətində qalmışdır. Nəticə etibarilə, münaqişə yalnız cəbhə xətti ilə məhdudlaşmayaraq, iqtisadi və texnoloji sahələri də əhatə edən çoxsəviyyəli qarşıdurma xarakteri almışdır.

Müharibənin yaxın perspektivdə yekunlaşması ilə bağlı proqnozların zəifliyi tərəflərin strateji məqsədləri arasında fundamental uyğunsuzluqla izah olunur. Rusiya tərəfi Vladimir Putin rəhbərliyi altında nəzarət etdiyi əraziləri geosiyasi qazanc kimi möhkəmləndirməyə çalışdığı halda, Ukrayna rəhbərliyi Volodimir Zelenskiy başda olmaqla ölkənin ərazi bütövlüyünün tam bərpasını prioritet istiqamət kimi müəyyənləşdirir. Bu şəraitdə kompromis üçün zəruri olan ortaq siyasi zəmin məhdud görünür. Eyni zamanda, Qərbin Ukraynaya göstərdiyi hərbi və maliyyə dəstəyi, Rusiyanın isə alternativ iqtisadi və siyasi əməkdaşlıq istiqamətlərinə yönəlməsi münaqişəni regional çərçivədən çıxararaq daha geniş geosiyasi rəqabətin tərkib hissəsinə çevirmişdir. Belə bir beynəlxalq konfiqurasiyada müharibənin başa çatması yalnız ya hərbi balansda ciddi dəyişiklik, ya da tərəflərdən birinin strateji-siyasi geri çəkilməsi nəticəsində mümkün ola bilər ki, mövcud reallıq bu ssenarilərin qısamüddətli perspektivdə yüksək ehtimallı olmadığını göstərir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə