“Elektron siqaretlərin saxlanılması sahibkarlar üçün cərimə riski yaradır” -HÜQUQŞÜNAS DANIŞDI

“Ticarət obyektlərində bu tip malların saxlanılması, adətən, birbaşa satış məqsədi daşıyır və bu fakt hüquqi qiymətləndirmə zamanı əsas meyarlardan biri kimi nəzərə alınır. Yəni məhsulun faktiki olaraq satılıb-satılmamasından asılı olmayaraq, onun satış üçün saxlanılması belə müəyyən hallarda qanun pozuntusu kimi qiymətləndirilə bilər”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, dövlət nəzarət orqanları tərəfindən aparılan yoxlamalar zamanı həmin məhsulların mağazada və ya anbarda aşkar olunması onların satış məqsədilə saxlanıldığını göstərən əsas sübutlardan biri hesab olunur. Belə hallarda məhsulun realizasiyasının baş tutub-tutmaması ikinci dərəcəli məsələ kimi qəbul edilir. Əgər bu fakt rəsmi şəkildə qeydə alınarsa, obyekt sahibi və ya məsul şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri, o cümlədən cərimələr tətbiq edilə bilər.

Hüquqşünasın fikrinə görə, sahibkarlar bu kimi risklərlə üzləşməmək üçün qabaqlayıcı addımlar atmalıdırlar. Xüsusilə satışına icazə verilməyən və ya məhdudlaşdırılan məhsulların dövriyyədən çıxarılması məsələsində diqqətli olmaq vacibdir. Əgər belə mallar artıq ticarət obyektlərinin anbarında qalıbsa və satışa çıxarılmayıbsa, bu halda sahibkarların müvafiq dövlət qurumları ilə rəsmi qaydada əlaqə saxlaması tövsiyə olunur.

Bu məsləhətləşmələr nəticəsində məhsulların hüquqi statusu dəqiqləşdirilməli, onların saxlanılması, geri qaytarılması və ya məhv edilməsi ilə bağlı düzgün prosedur müəyyən olunmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, bu cür mallar xüsusi qaydada utilizasiya edilməli və ya aidiyyəti dövlət qurumlarına təhvil verilməlidir. Bu yanaşma həm sahibkarın hüquqi məsuliyyət risklərini minimuma endirir, həm də bazarda qanunsuz məhsul dövriyyəsinin qarşısının alınmasına xidmət edir.

Ticarət obyektlərində bu tip məhsulların saxlanılması yalnız iqtisadi fəaliyyət məsələsi deyil, eyni zamanda hüquqi məsuliyyət doğuran bir haldır. Bu səbəbdən sahibkarların qanunvericiliyin tələblərinə uyğun davranması, riskləri düzgün qiymətləndirməsi və vaxtında tədbir görməsi mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə