"İranın bu hərəkətləri xüsusilə Türkiyəyə qarşı düşmənçilik kimi qiymətləndirilir" - ŞƏRH EDİLDİ
"Türkiyədə yerləşən İncirlik hərbi bazası uzun illər strateji əhəmiyyətə malikdir və burada əsasən Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri mövcuddur. Bu baza xüsusilə Adana bölgəsində yerləşir və Aralıq dənizindən cəmi 56 km məsafədədir, bu da onun regiondakı hərbi və geosiyasi əhəmiyyətini artırır. Belə strateji mövqe İran və digər regional aktorlar tərəfindən də diqqətlə izlənilir. Bir neçə dəfə İran tərəfindən bu baza potensial hədəf kimi nəzərdən keçirilmiş və müxtəlif təhlükəsizlik təhdidləri meydana çıxmışdır. Bu isə göstərir ki, region daxilində müəyyən qüvvələr Türkiyəni münaqişəyə cəlb etmək, onu müəyyən geosiyasi oyunların bir parçası halına gətirmək istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, Türkiyə qətiyyətlə müharibəyə cəlb olunmaqdan imtina edir və regiondakı proseslərə təmkinlə yanaşır:
"Hökumət və hərbi rəhbərlik diplomatiya və danışıqlar yolu ilə gərginliyin azaldılmasına çalışır. Türkiyə tərəfi yalnız öz sərhədlərini və strateji maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda regional sabitliyi təmin etmək üçün də ciddi səy göstərir. Bu kontekstdə, Azərbaycan da regiondakı gərginliklə bağlı öz mövqeyini bildirir və ədalətin təmin olunmasını tələb edir. Türkiyə isə Azərbaycanı dəstəkləyərək, qarşılıqlı həmrəyliyin və strateji tərəfdaşlığın önəmini vurğulayır. Hər iki ölkə, eyni zamanda, regionda sülhün və təhlükəsizliyin qorunmasına çalışır.
İranın bu hərəkətləri xüsusilə Türkiyəyə qarşı düşmənçilik kimi qiymətləndirilir, çünki Ankara hərbi qarşıdurmanın artmasının əleyhinədir və mümkün olan diplomatik həll yollarını üstün tutur. Türkiyə açıq şəkildə göstərir ki, danışıqlar və diplomatik vasitələrlə gərginliyin həlli daha məqsədəuyğundur və münaqişənin genişlənməsi region üçün ciddi fəsadlar doğura bilər.
Buna baxmayaraq, bəzi qüvvələr Türkiyənin regiondakı mövqeyini nəzərə almadan hərəkət edir və bu, qarşı tərəfin təxribatçı addımlarına səbəb olur. Bu isə Türkiyənin strateji mövqeyini və diplomatik təşəbbüslərini sınayan bir vəziyyət yaradır. Regionda davam edən geosiyasi oyunlar və hərbi təhdidlər göstərir ki, Türkiyə öz siyasətində həm sabitliyi qorumağa, həm də tərəfdaşları ilə birlikdə təhlükəsizlik və ədalətin təmin edilməsinə ciddi önəm verir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB