“Bu gün dövlət himnimizin azad olunmuş torpaqlarımızda səslənməsi böyük qürur mənbəyidir” - Ağaəli Hüseynov

“Sevindirici haldır ki, bu gün artıq dövlət himnimiz işğaldan azad olunmuş Ağdamda və digər bütün ərazilərimizdə səslənir. Bu, hər birimiz üçün qürurverici və tarixi bir hadisədir”.

SİA xəbər verir ki, bu fikirləri YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” (SOCAR) üzrə ərazi partiya təşkilatının sədri, SOCAR Mərkəzi Arxivinin müdiri Ağaəli Hüseynov seçki iclasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər zaman böyük ehtiramla yad olunur və onun zəngin siyasi fəaliyyəti hər kəs üçün örnəkdir: “Heydər Əliyev dünya şöhrətli siyasətçi kimi ömrünün sonuna qədər Azərbaycan xalqına xidmət edib”.

Ağaəli Hüseynov qeyd edib ki, Ulu Öndər hətta səhhətində ciddi problemlər olduğu dövrlərdə belə böyük iradə nümayiş etdirərək xalq qarşısında çıxışını davam etdirib və dövlətinə sədaqətini sübut edib: “Bu, onun həyatının əsas missiyasının xalqına və dövlətinə xidmət etmək olduğunu bir daha göstərir”.

O vurğulayıb ki, bu gün Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz daha da güclənir və qarşıya qoyulan bütün hədəflərə doğru inamla irəliləyir”.

Ağaəli Hüseynov əlavə edib ki, bu siyasətin gələcəkdə də uğurla davam edəcəyinə böyük inam var və Azərbaycan yeni nailiyyətlərə imza atacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə