Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinin təminatıdır -ŞƏRH

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkəmizin dünya dövlətləri ilə münasibətləri getdikcə daha da möhkəmlənir. Dövlətimizin başçısının güclü siyasi iradəsi sayəsində reallaşan Cənub Qaz Dəhlizi layihəsi də bu uğurlu siyasətin bariz nümunəsidir. Sözügedən təşəbbüs yalnız region üçün deyil, eyni zamanda, bütün Avropa üçün strateji əhəmiyyət daşıyan ən vacib layihələrdən biri kimi qiymətləndirilir.

SİA xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Vilayət İsmayılov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edərək geniş məzmunlu nitq söyləyib. Hesab edirəm ki, toplantının Bakıda keçirilməsi bu strateji xəttin məntiqi davamı kimi yadda qalıb. Bu istiqamətdə təşkil olunan görüşlər Azərbaycanın enerji siyasətinin ardıcıllığını və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir.

Qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımların xüsusi əhəmiyyət daşıdığını vurğulayan professor deyib: “Bu baxımdan Avropa İttifaqının (Aİ) qaz təchizatı sahəsində fəaliyyəti, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi mühüm rol oynayır. Bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyi məhz Cənub Qaz Dəhlizi vasitəsilə təmin olunur. Müasir dövrdə Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracının artması isə ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.

Dövlətimizin başçısı da çıxışında ölkənin enerji siyasətinin prioritet istiqamətlərini və əldə olunan nəticələri təqdim edərək qeyd etdi ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.

Vilayət İsmayılov bildirib ki, Azərbaycandan Avropaya yaşıl enerjinin tədarükünü nəzərdə tutan Qara dəniz üzərindən çəkiləcək enerji kabeli layihəsi regional və milli enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Qara dənizin dibi ilə keçəcək elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin formalaşdırılmasında həlledici rol oynayacaq.

“Azərbaycan alternativ enerji mənbələrinə, xüsusilə Günəş, külək və hidroenerji layihələrinə yatırılan investisiyaları genişləndirir. Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat həcmində elektrik enerjisi istehsal olunacaq. Bu isə həm daxili tələbatın ödənilməsinə, həm də ixrac potensialının artırılmasına geniş imkanlar yaradacaq. Dövlətimizin başçısı, həmçinin ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq enerji, süni intellekt və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə toxunub. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə hidroenerji layihələrinin inkişafının vacibliyini vurğulayaraq, bu istiqamətdə konkret layihələrin həyata keçirilməsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Bu baxımdan, dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın yaranmasına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və davamlı inkişafa öz təsirini göstərir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir”, - deyə professor əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə