"Azərbaycan enerji siyasətində praqmatik balans modelini gücləndirir" - ŞƏRH EDİLDİ

"Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının növbəti iclasları Azərbaycanın artıq təkcə enerji ixracatçısı deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinin formalaşdırıcı aktorlarından biri kimi çıxış etdiyini göstərir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen kimi əsas fiqurların çıxışları enerji gündəliyinin artıq sırf iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələsinə çevrildiyini bir daha təsdiqlədi: "Cənub Qaz Dəhlizi artıq 12 ildir ki, formalaşan və genişlənən platformadır. Bu təşəbbüsün başlanğıc mərhələsi enerji marşrutlarının şaxələndirilməsi məqsədi daşıyırdısa, hazırda o, Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından birinə çevrilib. 2020-ci ildən etibarən Xəzər qazının Avropaya nəqli, xüsusilə 2022-ci ildən sonra yaranmış geosiyasi böhran fonunda, Avropa İttifaqının enerji siyasətində ciddi dönüş nöqtəsi oldu. Azərbaycan qazı bu gün artıq 16 ölkəyə çatdırılır və Avropa İttifaqının 10 üzv dövləti birbaşa Bakıdan qaz alır. Bu göstərici Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Eyni zamanda, Azərbaycan yalnız mövcud ixracı qorumaqla kifayətlənmir, yeni hasilat mərhələlərinə hazırlaşır. “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və xüsusilə Şahdəniz yatağı üzrə planlaşdırılan əlavə hasilat həcmləri yaxın illərdə 10-15 milyard kubmetr əlavə qaz potensialı yarada bilər. Bu isə o deməkdir ki, Azərbaycanın Avropadakı rolu azalmaq əvəzinə daha da artacaq. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, bunun üçün mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Digər mühüm istiqamət yaşıl enerji gündəliyidir. Azərbaycan artıq enerji siyasətini yalnız karbohidrogen resurslarına əsaslandırmır. 240 meqavatlıq külək elektrik stansiyasının “ACWA Power” tərəfindən inşa edilməsi və 230 meqavatlıq Günəş elektrik stansiyasının “Masdar” tərəfindən həyata keçirilməsi göstərir ki, ölkə alternativ enerji sahəsində real və müqavilə əsaslı layihələr icra edir. 2032-ci ilə qədər 6–8 giqavatlıq yaşıl enerji potensialı planı isə Azərbaycanın daxili qaz istehlakını azaltmaqla ixrac imkanlarını genişləndirməyə hesablanıb.

Bu strategiyanın mühüm elementi Qara dənizin dibi ilə Avropaya elektrik kabeli layihəsi və Mərkəzi Asiyadan Azərbaycana enerji bağlantısıdır. Bu təşəbbüslər reallaşacağı təqdirdə Azərbaycan təkcə qaz ixracatçısı deyil, həm də elektrik enerjisinin regional paylayıcısına çevrilə bilər. Bu isə ölkənin geoiqtisadi çəkisini daha da artıracaq. Avropa İttifaqı ilə tərəfdaşlıq kontekstində diqqətçəkən məqam ondan ibarətdir ki, Brüssel Azərbaycanı etibarlı və uzunmüddətli tərəfdaş kimi qiymətləndirir. Rusiya qazından asılılığın kəskin azaldılması fonunda Bakı ilə əməkdaşlığın dərinləşdirilməsi enerji təhlükəsizliyinin alternativ modelini formalaşdırır. Bu model qarşılıqlı fayda və praqmatik yanaşma üzərində qurulub. Bakıdakı son iclaslar göstərdi ki, Azərbaycan paralel olaraq iki istiqamətdə – həm qaz ixracının genişləndirilməsi, həm də yaşıl enerji keçidinin sürətləndirilməsi – strategiya həyata keçirir. Bu balanslaşdırılmış yanaşma ölkənin enerji siyasətini ideoloji deyil, realist və praqmatik əsasda qurduğunu nümayiş etdirir. Məhz bu yanaşma Azərbaycanın regional enerji mərkəzi kimi rolunu uzunmüddətli perspektivdə möhkəmləndirir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə