İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - YENİLƏNİB - FOTOLAR
Bakı Konqres Mərkəzində martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:
- Zati-aliləri, Azərbaycan Prezidenti İlham Əliyev.
Hörmətli Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Mən sizi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında salamlayıram. Bizim bu toplantımız uğurlu işimizdə bərpaolunan enerjinin tarazlı şəkildə inkişaf etdirilməsi və enerji bağlantılarının regional səviyyədə daha da şaxələndirilməsində göstərdiyimiz səylərin mühüm mərhələsidir.
Mən öz dərin təşəkkürümü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ifadə edirəm ki, O, bu uğurun arxasında dayanan əsas şəxsdir və bu işlərə rəhbərlik etmişdir. İndi isə mən böyük məmnunluq hissi ilə əsas çıxış üçün sözü verirəm cənab Prezidentə.
x x x
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Xanımlar və cənablar, sabahınız xeyir.
İlk növbədə, bütün qonaqlarımızı salamlayıram. Cənab komissarı xüsusi salamlamaq istəyirəm, çünki o, indi gəlib və istirahətə ehtiyacı var. Ancaq buna baxmayaraq, o, bizimlə birlikdədir. Biz onun Brüsseldə iş qrafikinin sıx olmasına baxmayaraq, bu gün bu vacib tədbirdə iştirak etməsini yüksək qiymətləndiririk. Sizin iştirakınız Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlığı bir daha nümayiş etdirir.
Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq.
Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.
Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.
Beləliklə, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir.
Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
Cari ildə "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik. İki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da "Abşeron"dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir.
Təbii qazın əsas mənbəyi olan "Şahdəniz" yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir.
Artıq bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir və bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə "ACWA Power" tərəfindən maliyyələşdirilib və həyata keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə "Masdar" şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var.
Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir.
Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır.
Vurğulamaq istəyirəm ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.
Bütün bunlar mənim və ABŞ-nin Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir.
Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.
Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, - biz hazırda bu məsələni araşdırırıq, - qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində - bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız.
Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq.
Həmçinin vurğulamaq istərdim ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu da oynayır. Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik.
Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, düşünürəm auditoriyanın bilməyi vacib olardı ki, biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik - 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir.
Sizin vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, çox məşğul olacaqsınız, sadəcə başa düşülməsi mühüm olan əsas məqamları, planlarımızı, görülmüş işləri və görülməsi planlaşdırılan işləri vurğulamaq istədim. Əminəm ki, iclas hər zaman olduğu kimi səmərəli, konstruktiv və nəticəyönümlü olacaq.
Təşəkkür edirəm.
x x x
Pərviz Şahbazov: Zati-aliləri cənab Prezident, biz Sizə olduqca minnətdarıq. Siz hərtərəfli çıxış etdiniz. Əlbəttə ki, Məşvərət Şurası Sizin müdrik rəhbərliyinizlə təsis edilmişdir və artıq mühüm bir platformaya çevrilib. Siz də çıxışınızda qeyd etdiniz ki, şaxələndirmə, sərmayələrin proqnozlaşdırılması və tərəfdaşların fəaliyyəti bağlantılar üçün çox vacibdir. Biz Sizin davamlı dəstəyinizi yüksək dəyərləndiririk və Sizə minnətdarlığımızı bildiririk.
İndi Sizin icazənizlə, mən sözü Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenə verəcəyəm. Azərbaycanın əsas enerji layihələri Avropaya yönəlib və onlar Azərbaycanla Avropa İttifaqının enerji üzrə strateji tərəfdaşlığını şərtləndirir.
Cənab Yorgensen, söz sizindir.
x x x
Komissar Dan Yorgensenin çıxışı
- Sağ olun, cənab nazir.
Cənab Prezident, Zati-aliləri, xanımlar və cənablar.
Mən bu gün burada olmaqdan çox məmnunam. Burada - Bakıda səmimi qəbula görə dərin təşəkkürümü bildirirəm. Bu gün dəvətimizi qəbul etdiyinizə görə hamınıza minnətdaram.
Belə bir kəlam var: "Atalar üçdən deyib". Bu gün üçüncü ayın üçüncü günüdür. Ona görə düzgün olardı, elə mən də müzakirəmizi üç əsas hissəyə bölüm.
Əvvəlcə Avropa İttifaqının enerji təhlükəsizliyi haqqında danışaq. 2020-ci ildə Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə Avropaya getdi. 2022-ci ildə bu dəhlizin strateji əhəmiyyəti tam aydın şəkildə üzə çıxdı. Rusiya təcavüzkar müharibəsinə başladı, enerjini silaha çevirdi və Avropa İttifaqı öz enerji təchizatını şaxələndirmək qərarına gəldi. Rusiyadan gələn enerjini əvəz etmək üçün biz ən etibarlı və inanılan tərəfdaşlarımıza üz tutduq və Azərbaycan onların arasında əsas götürüldü. Həmin vaxtdan etibarən biz Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın təchizatını xeyli artırdıq. 2020-ci ilin sonundan Xəzərdə hasil edilən qazın 50 milyard kubmetrdən çox həcmi Trans-Adriatik boru kəməri ilə artıq Avropaya çatdırıldı. Xəzər qazının köməyi ilə Avropa İttifaqının Rusiya qazından asılılığı 2022-ci ildəki ümumi idxalda 45 faizdən 2025-ci ildə 12 faizə düşdü. Həmin rəqəmlər azalmaqda davam edir. İki ildən az müddətdə hər il hələ də idxal etdiyimiz rus qazının qalan 35 milyard kubmetri bazarımızdan çıxarılacaqdır. Həmin qaza görə Avropa İttifaqının hər il sərf etdiyi 10 milyard avro nə Rusiyanı, nə də ki, onun Ukraynaya qarşı təcavüzünü artıq maliyyələşdirməyəcək.
Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb. Bugünkü səfərin mövqeyi açıq bəyan etmək fürsətidir: Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq.
Öz növbəsində, Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq və Azərbaycan iqtisadiyyatında struktur transformasiyaya təkan verəcək.
İndi isə icazə verin, ikinci hissəyə keçim. Enerji təhlükəsizliyinin gələcəyi təmiz keçid və elektrikləşmədədir. Avropa İttifaqında biz rekord templərlə bərpaolunan enerji imkanlarını inkişaf etdiririk. Məsələn, 2025-ci ildə biz elektrik enerjisinin 45 faizini bərpaolunan mənbələrdən almışıq və Avropa İttifaqında elektrik enerjisinin satış qiyməti əvvəlki ilə müqayisədə sabit qalıb.
Bilirəm ki, Azərbaycan yerli bazarda ənənəvi yanacağın istehlakını azaltmaq üçün həmçinin elektrikləşməni nəzərdə tutur və beləliklə, öz gəlirlərini artırmaq istəyir. Bundan əlavə bilirəm ki, məhz bu elektrikləşdirmə potensialı bütün regionda böyükdür, bu, xüsusən də yerli səviyyədə və sənayedə hiss olunur.
Türkiyədə 2031-ci ildə COP tədbirinin keçirilməsinə gəldikdə, icazə verin, bir daha qeyd edim ki, elektrikləşmənin gündəlikdə mühüm məsələ olduğu və konkret sahələrin müəyyənləşdirilməsi vacib hesab ediləcəkdir. İcazə verin, Avropa İttifaqının məhz həmin bu sənaye üzrə mövqeyini bildirim. Avropa İttifaqı bu gün məhz təmiz ekosistemin yaradılmasına çalışır. Məhz texnologiyaları tətbiq edir, hidrogen və bərpaolunan enerjiyə üz tutur. Burada rəqəmsal və kibertəhlükəsizlik həll variantları da var. Əlbəttə ki, biz bu sahədə potensialdan istifadə etmək, o cümlədən özəl sektorun kapitalını geniş şəkildə cəlb etmək üçün məhz şəffaf və rəqabətli təminat sxemlərindən istifadə etməli, eyni zamanda, daha çox tənzimləmə və proqnozlaşdırmanı təmin etməliyik. Beləliklə, Avropa İttifaqının şirkətləri bundan sonra da məhz maliyyə imkanlarını, texnologiyalarını, həmçinin kibertəhlükəsizlik və sistemin etibarlığı sahəsində yüksək standartlarını tətbiq etməyə hazırdır.
Beləliklə, icazə verin, indi regional bağlantılara keçim. Bu gün məhz düşünürük ki, bununla bağlı gündəlik çox böyükdür və biz Qara dəniz regionunda, Türkiyədə və Cənubi Qafqazda əlavə addımlar atmaq istəyirik. Əlbəttə ki, burada üç əsas məsələ nəzərdə tutulur. Birincisi, biz ümumi strateji çərçivəni formalaşdırırıq, ikincisi, islahatları prioritetləşdiririk və üçüncüsü, sərmayə siyasətini formalaşdırırıq. Burada həmin gündəliyin həyata keçirilməsində qarşılıqlı maraq var. Regional elektrik baxımından bağlantılar enerji sistemindəki xərclərin azaldılmasına, bərpaolunan enerji üçün inteqrasiya imkanlarının yaradılmasına və ikitərəfli qaydada elektrik enerjisinin nəqlinə imkan yaradır. Beləliklə, biz regional qaydada həmin elektrik enerjisinin ticarətini təmin edəcəyik və elə edəcəyik ki, regional səviyyədə elektrik enerji mənbələri tarazlı şəkildə planlansın.
Bağlantılara gəldikdə, bunlar olduqca vacibdir. Çünki burada infrastruktur və bağlantılar strukturu lazımdır. Bu baxımdan inteqrasiya və düzgün idarəçilik çərçivəsi də vacibdir. Avropa İttifaqı bundan sonra da əlavə imkanları araşdırmağa hazırdır ki, enerji bağlantıları güclənsin və regionda enerji keçidi baş versin, beləliklə, zəmanətlər və maliyyə alətləri təmin edilsin. Əlbəttə ki, özəl sektorun fəal iştirakı çox vacib olacaq. Avropa İttifaqının şirkətləri bundan sonra həm ekspert bacarıqları ilə, həm də innovasiyaları və standartları ilə yardım etməyə hazırdır. Avropa İttifaqı, eyni zamanda, tərəfdaş ölkələrinə regionda kömək edəcək ki, enerji tənzimləmələri daha da güclənsin. Bu baxımdan onlar bu yaxınlarda Avropa İttifaqının məhz enerji proqramının üçüncü fazasına başlayıblar ki, bununla fəaliyyət öz texniki dəstəyini həm ikitərəfli, həm də regional səviyyədə almışdır.
Çox yaxşı haldır ki, məhz transsərhəd elektrik interkonnektorları ilə bağlı planlar artıq formalaşıb, son illər ərzində həyata keçirilir və bir sıra təşəbbüslər var. Həmin təşəbbüslər üzrə layihələr məhz iqtisadi və sistem inteqrasiyası təhlili əsasında həyata keçirilə bilər. Mən səmimiyyətlə arzu edirəm ki, texniki əsaslandırma işləri tezliklə başa çatdırılsın.
Hörmətli qonaqlar, əziz dostlar, yekun olaraq bildirmək istəyirəm, icazə verin, bir daha bu gün bizi burada qəbul etdiyinə görə Zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirim. Təşəkkür edirəm ki, Siz bu müzakirələrin dərinləşdirilməsi və münasibətlərimizin gücləndirilməsi üçün fürsət yaradırsınız. Belə bir çətin dövrdə münasibətlər heç vaxt olmadığı qədər vacibdir. Cənab Prezident, biz bu baxımdan ötən illə müqayisədə indi daha çətin dövrdəyik. Əlbəttə ki, bu məqsədləri nəzərə aldıqda mən Sizə diqqətinizə görə təşəkkürümü bildirirəm və tədbirə məhsuldar müzakirələr arzulayıram.
x x x
Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edirlər.
Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, "Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi" və "Yaşıl enerji layihələri" üzrə plenar sessiyalarla davam edir.
Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçiriləcək.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olunacaq.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB