"Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 34 il ötür. Bu, ölkəmizin dövlətçilik tarixində və müstəqillik yolunda çox önəmli bir hadisədir. Sovetlər İmperiyasının dağılmasından sonra Azərbaycan xalqı öz müstəqilliyini elan etdi və bir neçə ay sonra Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, BMT-yə üzvlüyümüz zamanı ölkəmizin ərazilərinin işğal altında olması, separatçı fəaliyyətlərin davam etməsi, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qətliamlar və deportasiyalar faktları dünya tribunalarında lazımi şəkildə əks olunmadı. Hətta BMT-yə üzvlüyümüzdən bir neçə gün əvvəl baş vermiş Xocalı soyqırımı kimi faciələr də adekvat qiymətləndirilə bilmədi. Bu soyqırımı Ermənistan rəhbərliyi, havadarları və Sovet ordusunun iştirakı ilə törədilmiş, lakin beynəlxalq səviyyədə ədalətli qiymət almamışdır: "1993-cü ildə isə Azərbaycan torpaqlarının işğaldan dərhal azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Lakin 30 il ərzində bu qətnamələr yalnız kağız üzərində qaldı və reallıqda icra edilmədi. Ermənistanın işğalçı və terrorçu siyasətinə dəstək verən bəzi paytaxtlar da bu işğallara yanaşmada obyektiv olmadılar. Hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin səsvermələri və qətnamələrin icrası istiqamətində göstərilən təşəbbüslərin olmaması, üstəlik, həmin dövrdə yaradılmış Minsk qrupunun həmsədrlərinin heç bir müvəffəqiyyətli nəticə ortaya qoymaması hesab edilə bilər ki, Azərbaycana qarşı ciddi ədalətsiz siyasətin göstəricisi idi.
Lakin Azərbaycan dövləti təkbaşına 30 illik işğala son qoymağı bacardı və BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz iradəsi və gücü ilə reallaşdırdı. Beləliklə, dünyanın ən böyük beynəlxalq təşkilatının üzvü olan ölkələr qarşısında mövqeyini gücləndirdi. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının və ümumiyyətlə BMT-nin Azərbaycan dövlətinə, xüsusilə də Prezident İlham Əliyevə təşəkkür borcu var.
Qeyd etmək lazımdır ki, BMT-nin yaradılmasının 75-ci ildönümü münasibətilə keçirilən yüksək səviyyəli iclasda, 21 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti çıxış edərək önəmli bir çağırış etmişdi. Həmin vaxt Ermənistan Toğuz rayon istiqamətində yeni əraziləri işğal etmək cəhdləri göstərmiş, lakin Azərbaycan ordusu itkilər bahasına bu hücumun qarşısını almışdı. Prezident İlham Əliyev bu faktları BMT tribunasından dünya ictimaiyyətinə çatdırmış və Ermənistanın yeni əraziləri işğal etmək cəhdlərinin qarşısını almaq üçün BMT-yə müraciət etmişdi.
Lakin bu çağırışa heç bir adekvat reaksiya verilmədi və yalnız bir həftə sonra Ermənistan yenidən hərəkətə keçdi. Azərbaycan ordusu isə cəmi 44 gün ərzində əks-hücum əməliyyatı ilə işğala son qoymağı bacardı. Eyni zamanda, işğalçı və terrorçu əməliyyatların nəticəsində separatçılıq Azərbaycanın ərazisində kökündən məhv edildi. Bu fakt özü də BMT-nin işğalçı və terrorçulara qarşı göstərdiyi dişsiz siyasətin bir məntiqi nəticəsi idi. Azərbaycan isə hər zaman bu reallıqları ən yüksək səviyyələrdə və ən nüfuzlu tribunalardan bəyan edir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, BMT və BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasına selektiv yanaşır. Məsələn, bəzi hallarda qətnamələrin icrası bir neçə saat və ya bir neçə gün ərzində həyata keçirilirsə, Azərbaycana münasibətdə 30 ilə yaxın müddət ərzində Təhlükəsizlik Şurası heç bir addım atmamışdır. Bu isə Azərbaycanın ikili standartlarla qiymətləndirilməsinin açıq sübutudur.
Qeyd etmək lazımdır ki, Azərbaycanın 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının ikiillik qeyri-daimi üzvü seçilməsi də müstəqillik və dövlətçilik tariximizdə çox mühüm hadisə idi. Azərbaycan torpaqlarının uzun illər işğal altında olmasına, işğaldan və terror aktlarından əziyyət çəkməsinə baxmayaraq, həmçinin yüz minlərlə qaçqının qayğılarının həlli istiqamətində səfərbər olmasına rəğmən, beynəlxalq arenada kifayət qədər söz sahibi olmağı bacarıb. Müstəqillik tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunun əyani göstəricisidir və hesab edirəm ki, bu, Azərbaycan üçün çox ciddi və uğurlu siyasi nəticədir.
Eyni zamanda, BMT-nin alternativ hesab edilən Sülh Şurasının təsisçiləri sırasında Azərbaycanın olması da dövlətimizin təcrübəsi və Prezident İlham Əliyevin prinsipial, qətiyyətli mövqeyinin bir nəticəsi kimi qiymətləndirilə bilər. Dünya lider dövləti Azərbaycanın bu işdəki keyfiyyətlərini nəzərə alaraq Sülh Şurasında iştirakını təmin etmiş və üstün etimad göstərmişdir. Bu hadisə həm də BMT və onun strukturlarının daha fəal hərəkətə keçməsinə stimul verə biləcək mühüm addımdır. Azərbaycan hər zaman sülhün və təhlükəsizliyin bütün dünyada təmin olunması istiqamətində prinsipial siyasət yürüdür və qlobal platformalarda öz mövqeyini açıq şəkildə ortaya qoyur.
Azərbaycanın strateji təşkilatlarda təmsilçiliyi və fəal iştirakı qlobal məkanda sülhün, təhlükəsizliyin, insan haqlarının qorunmasına yönəlmiş siyasətin uğurlu nümunəsidir. Hesab edirəm ki, Azərbaycan dövlətinin bu uğurları bundan sonra da davam edəcək. Azərbaycan regionda və qlobal miqyasda barış, sülh və əmin-amanlıq naminə fəaliyyət göstərir və ümid edirəm ki, BMT kimi beynəlxalq qurumlar da 21-ci əsrin çağırışlarına uyğun olaraq daha fəal və prinsipial mövqe sərgiləyərək müharibələrin və kütləvi insan tələfatlarının qarşısını almaqda fərqlənəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB