Ceyhun Bayramov: Azərbaycan sülh gündəliyində mühüm irəliləyişlər əldə edir

Bu gün Azərbaycan sürətlə inkişaf edir və regionda sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır. Əldə olunan nəticələr isə artıq aydın şəkildə müşahidə olunur.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Ana Harayı Abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan öz suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa edərkən Prezident İlham Əliyevin rəhbərliyi altında xalq və ordu böyük qətiyyət və birlik nümayiş etdirib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın yalnız müharibə dövründə deyil, sülh prosesində də liderlik mövqeyində olduğunu açıq şəkildə görüb.

Ceyhun Bayramov vurğulayıb ki, sülh gündəliyi çərçivəsində irəli sürülən təşəbbüslərin əksəriyyəti məhz Azərbaycan tərəfindən təqdim olunub və bu istiqamətdə mühüm nəticələr əldə olunmaqdadır. Bununla yanaşı, nazir bildirib ki, ölkə tarixində baş vermiş faciələri unutmaq mümkün deyil və Xocalı soyqırımının ildönümü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də şəhidlərin xatirəsini ehtiramla yad edir və onların əziz xatirəsi daim yaşayacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə