"Kadr siyasəti dövlətin uzunmüddətli maraqlarını təmin edir" - POLİTOLOQ DANIŞDI
"Dövlətin əsas dayaqlarından biri iqtisadi və bazar münasibətləri sahəsidir və bu istiqamətdə atılan addımlar birbaşa ölkənin inkişaf səviyyəsinə təsir göstərir. Lakin iqtisadi inkişafın davamlı olması üçün əsas şərtlərdən biri düzgün və effektiv kadr siyasətidir".
Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.

O bildirib ki, bu gün Azərbaycanda kadr siyasətinə xüsusi diqqət yetirilir: "Son dövrlərdə cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar göstərir ki, vəzifələrə təyinat zamanı namizədlərin bilik səviyyəsi, peşəkarlığı, idarəetmə bacarığı və məsuliyyətlilik keyfiyyətləri əsas meyar kimi götürülür.
Dünya sürətlə dəyişir və yeni inkişaf tendensiyaları formalaşır. Belə bir şəraitdə dövlət idarəçiliyinin də bu dəyişikliklərlə ayaqlaşması zəruridir. Əks halda, inkişaf tempini qorumaq və rəqabət qabiliyyətini artırmaq mümkün olmaz. Məhz buna görə də kadr məsələsi strateji əhəmiyyət daşıyır. Son təyinatlar istər mərkəzi icra hakimiyyəti orqanlarında, istərsə də digər dövlət qurumlarında yenilənmə və peşəkarlıq meyarının ön planda olduğunu göstərir. Xüsusilə xaricdə təhsil almış, müasir dünyagörüşə malik, idarəetmə təcrübəsi olan və məsuliyyət hissi yüksək kadrların irəli çəkilməsi diqqət çəkir.
Bu yanaşma dövlət idarəçiliyində daha çevik və əsaslandırılmış qərarların qəbuluna, şəffaflığın artırılmasına və effektiv idarəetmənin təmin olunmasına xidmət edir. Ümumilikdə, kadr siyasəti bu gün Azərbaycan Respublikasının inkişaf strategiyasında mühüm yer tutur və dövlətin uzunmüddətli maraqlarının təmin olunmasında əsas amillərdən biridir.
Savadlı, peşəkar və nəticəyönümlü kadrların önə çıxarılması dövlət idarəçiliyində keyfiyyət artımına və ümumi inkişaf prosesinin sürətlənməsinə töhfə verir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB