"Prezident İlham Əliyevin siyasəti ABŞ tərəfindən yüksək qiymətləndirilir" - ŞƏRH

"Hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində tərəflər əməkdaşlığı davam etdirirlər".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Donald Tramp ilə cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb və bu müstəvidə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir: "Cənubi Qafqazda yeni siyasi nizamın formalaşdığı bir dövrdə Azərbaycan əsas aktorlardan biri kimi çıxış edir. ABŞ da bu prosesdə mühüm rol oynayan tərəflərdəndir. Mövcud reallıq göstərir ki, regionda yaranan yeni geosiyasi konfiqurasiyada Azərbaycan və ABŞ arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət regionun müasir çağırışlarına cavab verən praqmatik və uzaqgörən siyasətdir. Bu siyasət ABŞ tərəfindən də yüksək qiymətləndirilir. Məlumdur ki, Donald Tramp güclü liderlərlə işləməyə üstünlük verdiyini dəfələrlə ifadə edib. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi regionda lider mövqeyə malikdir və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu mövqeni daha da möhkəmləndirir.

Bu baxımdan Trampın Prezident İlham Əliyevə münasibəti də yüksək qiymətləndirmə kontekstində dəyərləndirilə bilər. Proseslərin bundan sonra da müsbət dinamika ilə davam edəcəyi gözlənilir. ABŞ nümayəndələrinin və ya yüksək səviyyəli səfərlərin baş tutması da ikitərəfli əlaqələrin inkişafının göstəricisi kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə