“Tarix müəllimim idi, yollarımız meydanlarda kəsişdi” -Rauf Arifoğlu

“Tarix müəllimim idi, yollarımız sonradan meydanlarda kəsişdi. Fəzail Ağamalı ötən əsrin 80-ci illərində universitet illərində mənə dərs deyib. O dövrdə Azərbaycan Texnologiya Universitetində tarix fənnini tədris edirdi”.

Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib.

Onun sözlərinə görə, illər ötsə də müəllim–tələbə münasibətləri zamanla kəsilməyib, əksinə, müxtəlif mərhələlərdə davam edib:

“1988-ci ildən etibarən maraqlı bir təsadüf nəticəsində milli azadlıq hərəkatı dövründə yenidən qarşılaşdıq. Meydanlarda görüşdük, sonralar Azərbaycan Xalq Cəbhəsinin qərargahında, daha irəliləyən dövrlərdə isə ictimai-siyasi proseslərin müxtəlif mərhələlərində yolumuz tez-tez kəsişdi. İllər keçsə də köhnə müəllim–tələbə münasibətlərimiz qorunub saxlanıldı.

Fəzail Ağamalının millət vəkili olduğu dövrdə mən media rəhbəri kimi fəaliyyət göstərirdim və əlaqələrimiz fasilələrlə də olsa davam edirdi. Son illərdə isə münasibətlərimiz daha da yaxınlaşmışdı. Musavat TV-nin efirində, müxtəlif verilişlərdə mütəmadi çıxış edirdi. Vətənpərvər, dövlətinə bağlı bir insan idi. Xüsusilə Güney Azərbaycan məsələsinə hər zaman həssas yanaşır, bu mövzunu imkanları daxilində daim gündəmdə saxlayırdı. Son səfərlərinin birində də Güney Azərbaycandan olan soydaşlarımızla birlikdə gəlmişdi”.

Rauf Arifoğlu mərhumun xatirəsini ehtiramla yad edərək əlavə edib: “Allah rəhmət eləsin. Millətimizə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, sabiq millət vəkili, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə