“Paşinyanın ritorikası sülhdən çox, Ermənistanın məcbur qaldığı reallığın etirafıdır” - ŞƏRH OLUNDU

“Ermənistanın Baş naziri Nikol Paşinyanın “mümkünsüz proses” və “inanılmaz nailiyyət” kimi ifadələri zahirən sülh prosesinə verilən müsbət siyasi qiymət təsiri bağışlasa da, bu ritorikanın arxasında diplomatik nikbinlikdən daha çox Ermənistanın mövcud geosiyasi və daxili siyasi vəziyyətini əks etdirən etiraflar dayanır”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Paşinyanın bu cür ifadələrdən istifadə etməsi, uzun illər ərzində Ermənistan cəmiyyətində Azərbaycanla sülhün qeyri-mümkün olduğu barədə formalaşdırılmış siyasi narrativin faktiki olaraq iflasa uğradığını dolayısı ilə qəbul etmək anlamına gəlir:

“Məlumdur ki, əvvəlki dövrlərdə Ermənistanın siyasi elitası sülh perspektivini ictimai şüurda məqsədli şəkildə qeyri-real kimi təqdim etmişdir. Bu baxımdan Paşinyanın “təsəvvür etmək mümkün deyildi” fikri, mövcud siyasi kursun dəyişməsi ilə yanaşı, əvvəlki strategiyanın nəticəsizliyinin etirafı kimi qiymətləndirilə bilər. Sözügedən ritorika Ermənistan daxilində aparılan uzunmüddətli ideoloji xəttin de-konstruksiyasına işarə edir.

Paşinyanın “inanılmaz nailiyyət” ifadəsi ilə prosesi kollektiv Ermənistan uğuru kimi təqdim etmək cəhdi isə siyasi məsuliyyətin bölüşdürülməsi və daxili auditoriyaya yönəlik legitimləşdirmə strategiyasının tərkib hissəsidir. Lakin real siyasi proseslər göstərir ki, sülh gündəliyinin formalaşdırılması və şərtlərin müəyyən edilməsi təşəbbüsü əsasən Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bakı hərbi, siyasi və hüquqi müstəvidə formalaşdırdığı güc balansı vasitəsilə regionda yeni reallıq yaratmış və qarşı tərəfi bu reallığı qəbul etməyə məcbur etmişdir. Paşinyanın çıxışında Azərbaycanın birbaşa qeyd olunmaması fonunda belə, bu amil onun bəyanatlarına xüsusi semantik məna qatır.

Xüsusi diqqət çəkən məqamlardan biri də Paşinyanın bu fikirləri Birləşmiş Ərəb Əmirliklərində, beynəlxalq auditoriya qarşısında səsləndirməsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi qlobal tədbirlər çərçivəsində verilən mesajlar daha çox xarici dinləyicilərə hesablanmış siyasi kommunikasiya vasitəsidir. Bu kontekstdə Paşinyan özünü sülh tərəfdarı və regional sabitliyə töhfə verən siyasi lider obrazında təqdim etməyə çalışır. Bu isə Ermənistanın beynəlxalq imicinin yaxşılaşdırılmasına və Qərb dairələri ilə yanaşı neytral aktorların diqqətini cəlb etməyə yönəlmiş məqsədli siyasi davranış kimi dəyərləndirilə bilər.

Paşinyanın prosesin “inanılmaz” xarakter daşıması ilə bağlı fikirləri eyni zamanda sülh prosesinin Ermənistan üçün hələ tam mənimsənilmədiyini də göstərir. Bu yanaşma, prosesin Ermənistan rəhbərliyi üçün belə müəyyən qeyri-müəyyənliklər və daxili siyasi risklər ehtiva etdiyini ortaya qoyur. Revanşist qüvvələrin mövcudluğu, ictimai psixoloji hazırlığın yetərli olmaması və daxili siyasi təzyiqlər bu qeyri-müəyyənliyin əsas mənbələri kimi çıxış edir.

Azərbaycan prizmasından baxıldıqda isə Paşinyanın bu çıxışı rəsmi Bakının son illərdə həyata keçirdiyi strateji siyasətin dolayı təsdiqi kimi qiymətləndirilə bilər. Ermənistan rəhbərliyi artıq açıq şəkildə etiraf edir ki, uzun müddət mümkünsüz hesab edilən proses real siyasi mərhələyə daxil olub. Bu mərhələnin formalaşmasında əsas rol isə regional güc balansını dəyişən, siyasi gündəliyi müəyyən edən və sülh prosesini öz şərtləri əsasında irəli aparan Azərbaycan tərəfindən oynanılmışdır.

Paşinyanın səsləndirdiyi fikirlər səmimi sülh idealından daha çox qaçılmaz siyasi reallığın qəbul edilməsi kimi oxunmalıdır. Bu isə göstərir ki, sülh prosesi artıq emosional bəyanatlar mərhələsindən çıxaraq geri dönməz siyasi fazaya keçmişdir və bu prosesin əsas memarı kimi Azərbaycan aparıcı mövqeyini qorumaqdadır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə