"Azərbaycan–BƏƏ əlaqələri regional tərəfdaşlıqdan qlobal müttəfiqliyə keçir" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş Azərbaycan–BƏƏ münasibətlərinin artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq çoxölçülü strateji tərəfdaşlıq mərhələsinə daxil olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu görüşün gündəliyində həm enerji və iqtisadiyyat, həm təhlükəsizlik, həm də siyasi-diplomatik koordinasiya məsələlərinin yer alması tərəflərin münasibətlərə sistemli və uzunmüddətli yanaşdığını təsdiqləyir: "Xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsində Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolunun pay əldə etməsi təkcə kommersiya xarakterli addım deyil. Bu, BƏƏ kimi enerji resursları zəngin olan bir dövlətin Azərbaycanın təşəbbüsü ilə formalaşmış strateji enerji infrastrukturuna qoşulması deməkdir. Beləliklə, Azərbaycan regional enerji təchizatçısı rolunu möhkəmləndirməklə yanaşı, layihələrini qlobal kapital və siyasi maraqlar üçün daha cəlbedici hala gətirir. Bu addım Cənub Qaz Dəhlizinin geosiyasi çəkisini artırır və onun uzunmüddətli dayanıqlığını gücləndirir. Müdafiə sahəsində əməkdaşlıq və “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri isə münasibətlərin təhlükəsizlik ölçüsünün yeni mərhələyə keçdiyini göstərir. Bu təlimlər tərəflər arasında operativ uyğunluğun artırılmasına xidmət etməklə yanaşı, regionda sabitlik və qarşılıqlı etimad mesajı da verir. Azərbaycan bu əməkdaşlıq vasitəsilə hərbi sahədə yalnız ənənəvi tərəfdaşlarla deyil, Yaxın Şərqin əsas güc mərkəzlərindən biri ilə koordinasiyanı genişləndirir.

Eyni zamanda, Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin gündəmə gətirilməsi əlaqələrin təkcə dövlətlərarası səviyyədə deyil, institusional və cəmiyyətlərarası müstəviyə daşınması niyyətindən xəbər verir. Bu, diplomatik münasibətlərin daha davamlı və çoxşaxəli xarakter almasına şərait yaradır. Ümumilikdə, bu görüş və imzalanan sənədlər göstərir ki, Azərbaycan–BƏƏ əlaqələri artıq regional tərəfdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Tərəflər enerji təhlükəsizliyi, investisiya, hərbi əməkdaşlıq və siyasi koordinasiya sahələrində ortaq maraqlara əsaslanan qlobal strateji müttəfiqlik modelini formalaşdırmağa çalışırlar. Azərbaycan bu prosesdə həm Avrasiya məkanında, həm də Yaxın Şərqdə etibarlı və balanslı tərəfdaş imicini daha da gücləndirir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə