"Azərbaycan daim ekoloji məsələlərə xüsusi diqqət yetirib və xüsusilə Xəzər dənizinin ekoloji problemlərinin araşdırılması və həlli istiqamətində mühüm töhfələr verib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
_(1).jpg)
O bildirib ki, bu baxımdan Nazirlər Kabinetində keçirilmiş iclasın böyük əhəmiyyəti vardır: "İlk növbədə qeyd etməliyik ki, Xəzər dənizində uzun illərdir, hətta Sovet dövründən bəri çirklənmiş ərazilər mövcuddur. Bu çirklənmə əsasən neft qalıqları, metal tullantıları və müxtəlif texniki konstruksiyalarla bağlıdır. Son dövrlərdə Xəzər dənizinin suyunun azalması fonunda bu problemlər daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.
Məhz bu səbəbdən Azərbaycan dövləti və müvafiq dövlət qurumları hələ əvvəlki illərdən etibarən bu istiqamətdə ciddi addımlar atıb və hazırda da məsələ geniş müzakirə olunur. Yaxın dövrlərdə Xəzər dənizinin çirklənmiş hissələrinin, xüsusilə metal konstruksiyaların və texniki qalıqların təmizlənməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsinin şahidi olacağıq.
Eyni zamanda Xəzər dənizinin suyunun azalması məsələsi bu gün ən ciddi ekoloji problemlərdən biri hesab olunur. Bu problem təkcə Azərbaycan sahillərini deyil, Xəzər dənizi ətrafında yerləşən bütün ölkələri narahat etməlidir və həmin dövlətlərin məsələyə eyni məsuliyyətlə yanaşması vacibdir.
Xəzər dənizinin suyunun çəkilməsi həm təbii, həm də qeyri-təbii amillərlə bağlıdır. Son illərdə Xəzərə axan bəzi çay və su mənbələrinin qarşısının alınması, eləcə də su balansının pozulması bu problemin daha da dərinləşməsinə səbəb olub.
Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan bu ekoloji problemin həlli istiqamətində bundan sonra da ciddi təşəbbüslərlə çıxış edəcək və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş real töhfələrini davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB