“Azərbaycanın Davosdakı mövqeyi güc və məsuliyyət nümayişidir“ - DEPUTAT DANIŞDI
“Davos forumunda iştirakımız Azərbaycanın qlobal siyasi və iqtisadi sistemdə aktiv mövqe formalaşdıran, gündəm yaradan bir aktor olduğunu bir daha təsdiqləyir”. Bu sözləri SİA - ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.
Onun sözlərinə görə, platforma ölkəmizin milli maraqlarını beynəlxalq auditoriyaya birbaşa çatdırmaq, regionda yaratdığımız yeni reallıqları düzgün təqdim etmək və Azərbaycanın güc mərkəzləri ilə açıq dialoq imkanlarını genişləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan üçün sonuncu Davos Forumu olduqca məhsuldar və əhəmiyyətli hadisələrlə yadda qaldı. Ölkənin iqtisadi potensialı təqdim olundu və Birləşmiş Ştatlar tərifindən formalaşdırılan Sülh Şurasında yerimiz təsdiqləndi. Bütün bunlar məhz gələcək siyasi-iqtisadi dinamikanın konturlarıdır.
Möhtərəm cənab Prezident İlham Əliyevin bu platformada səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan post-münaqişə mərhələsində öz gələcəyini regional və qlobal kontekstin tərkib hissəsi kimi qurur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, yaşıl enerji strategiyası, iqtisadi diversifikasiya və siyasi sabitlik məsələlərində ölkəmizin ortaya qoyduğu model artıq beynəlxalq maraq doğuran uğurlu nümunəyə çevrilib.
Davos forumunda iştirakımız həm də Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir. Azərbaycan sabitliyi, praqmatik siyasəti və uzunmüddətli strateji baxışı ilə qlobal əməkdaşlıq üçün güvənilən ölkədir. Azərbaycan konkret maraqlar və praqnozlaşdırılan, balanslı münasibətlər üzərində qurulan siyasət yürüdür.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın Davosdakı mövqeyi güc və məsuliyyət nümayişidir. Bütün bunlar regionda sülhün qorunması, enerji bazarlarında sabitliyin saxlanılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi istiqamətində özünü göstərir. Müharibədən çıxmış ölkə olaraq sülh gündəmini formalaşdırmaq, iqtisadi inkişafa yönəlmək və beynəlxalq sistemdə konstruktiv rol oynamaq böyük siyasi yetkinliyin göstəricisidir.
Forum çərçivəsində cənab Prezident İlham Əliyev və ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüş gələcəkdə Bakı - Vaşinqton münasibətlərinin hansı meyarlar əsasında inkişaf edəcəyini bir daha nümayiş etdirdi.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan artıq qlobal proseslərə təsir edən dövlətlər sırasındadır və ölkəmizin diplomatik gücü, iqtisadi potensialı və siyasi sabitliyi davamlı xarakter daşıyır.
Rəsmi Bakının mövqeyi uzun illər ərzində ardıcıl şəkildə formalaşdırılan dövlətçilik xəttinin təbii davamıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB