"Daşaltının azad olunması Azərbaycanın dövlətçilik və hərbi gücünün rəmzidir" -ŞƏRH EDİLDİ

"Daşaltı əməliyyatı Azərbaycan tarixində təkcə hərbi baxımdan deyil, həm də siyasi və psixoloji aspektdən mühüm yer tutur. 1992-ci ildə həyata keçirilən bu əməliyyat müstəqilliyinin ilk illərini yaşayan Azərbaycanın o dövrdə üzləşdiyi ciddi institusional, hərbi və siyasi problemləri açıq şəkildə ortaya qoymuşdu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, koordinasiyanın zəifliyi, peşəkar ordunun formalaşmaması və daxili siyasi xaos əməliyyatın uğursuzluqla nəticələnməsinə səbəb olmuşdu: "Bu isə cəmiyyətin kollektiv yaddaşında Daşaltını acı, lakin dərs verən bir hadisə kimi möhkəmləndirdi. Aradan keçən 34 il ərzində Daşaltı əməliyyatı Azərbaycan üçün tarixi bir dərs funksiyasını yerinə yetirdi. Həmin dövrün uğursuzluqları dövlət quruculuğunda, ordu sisteminin formalaşdırılmasında və milli təhlükəsizlik strategiyasının müəyyənləşdirilməsində mühüm nəticələr doğurdu. Xüsusilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra güclü dövlət və peşəkar ordu quruculuğu prioritet məsələyə çevrildi. Bu proses sonrakı illərdə Azərbaycanın hərbi-siyasi gücünün artmasına zəmin yaratdı. 2020-ci ildə Daşaltının işğaldan azad olunması isə təkcə hərbi qələbə deyil, eyni zamanda tarixi ədalətin bərpası kimi dəyərləndirilməlidir. Bu hadisə Daşaltı əməliyyatının uğursuzluğunun mənəvi və strateji baxımdan yekun nöqtəsi oldu. Artıq Azərbaycan dövləti 1990-cı illərin zəif və parçalanmış ölkəsi deyil, regionda söz sahibi olan, güclü siyasi iradəyə və müasir orduya malik bir dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi-siyasi strategiya məhz keçmişin dərslərindən çıxarılan nəticələrin real təzahürü idi.

Bu baxımdan Daşaltının azad olunması Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında simvolik məna daşıyır. Bu, təkcə bir kəndin azad edilməsi deyil, həm də milli özünəinamın, dövlətçilik düşüncəsinin və tarixi ədalətə inamın bərpasıdır. Daşaltı artıq faciə ilə deyil, qələbə ilə xatırlanır. Bu isə Azərbaycanın keçmişdən güc alaraq gələcəyə daha inamla irəlilədiyini göstərən mühüm siyasi və tarixi mesajdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə