"2026-cı il yeni dünya düzəninin formalaşması istiqamətində qlobal arenada qarşıdurmaların və konfliktlərin artdığı bir il kimi xarakterizə oluna bilər. Ən azı mövcud tendensiyalar bunu deməyə əsas verir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu dövrdə geosiyasi çəkişmələrin intensivləşməsi, gərginliyin pik həddə çatması və aparıcı dünya liderləri arasında ciddi qarşıdurmaların müşahidə olunması ehtimalı kifayət qədər yüksəkdir: "Rusiya, Çin, ABŞ və Qərb arasında gedən nüfuz mübarizəsi daha kəskin mərhələyə keçəcək. Bu güc mərkəzləri açıq şəkildə öz maraqlarını müəyyənləşdirməyə, kim nə istəyir, hansı həddə qədər irəliləmək niyyətindədir, strateji məqsədlər nədir kimi fundamental suallara cavab tapmağa çalışacaqlar. Lakin bu sualların cavabları asanlıqla formalaşmayacaq.
Məhz bu qeyri-müəyyənlik fonunda böyük güclərin birbaşa toqquşmadan yayınaraq müxtəlif regionlarda öz təsir dairələrini genişləndirmək üçün dolayı mexanizmlərdən istifadə etməsi ehtimalı daha real görünür. Bu isə bəzi hallarda terror və ya qeyri-dövlət silahlı qruplaşmaları, bəzi hallarda isə ikinci və üçüncü dərəcəli dövlətlər üzərindən aparılan nüfuz savaşları şəklində özünü göstərə bilər.
2026–2027-ci illər aralığında bu istiqamətdə ciddi qarşıdurmaların yaşanması mümkündür. Bununla belə, aparıcı güclərin birbaşa olaraq bir-biri ilə açıq müharibəyə girməsi ehtimalı aşağıdır. Proseslər daha çox dolayı yollarla, vasitəçilər və regional oyunçular üzərindən idarə olunacaq. Məhz bu mərhələnin sonunda - yəni 2027-ci ilə doğru - hansı güc mərkəzinin harada və nə dərəcədə möhkəmlənə bildiyi, hansının isə strateji baxımdan zəiflədiyi daha aydın şəkildə üzə çıxacaq. Bu aydınlıqdan sonra yeni dünya düzəninin konturları formalaşmağa başlayacaq: yeni beynəlxalq təşkilatların, hərbi-siyasi və iqtisadi birliklərin, eləcə də dövlətlərarası yeni anlaşmaların yaranması gündəmə gələcək.
Bu mərhələdən sonra dünya tədricən yeni reallıqlara uyğunlaşmağa, yeni düzən çərçivəsində öz balansını tapmağa çalışacaq. Lakin 2026-cı il üçün bu proseslərin son nəticəsini dəqiq proqnozlaşdırmaq hələ mümkün deyil. Çünki hadisələr yeni başlayır və bir çox fundamental sual hələ də açıq qalmaqdadır. Məhz bu suallar cavabını tapdıqdan sonra qlobal mənzərə daha aydın və oxunaqlı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB