"20 Yanvar Azərbaycanın müstəqil dövlətçilik şüurunu formalaşdıran dönüş nöqtəsidir" - ŞƏRH EDİLDİ
"20 Yanvar faciəsi Azərbaycanın müstəqillik tarixində təkcə qanlı bir hadisə deyil, həm də milli şüurun, siyasi özünüdərkin və dövlətçilik ideyasının formalaşmasında dönüş nöqtəsi olmuşdur. 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi müdaxilə faktiki olaraq imperiya idarəçiliyinin iflasını və xalqla hakimiyyət arasında yaranmış dərin uçurumu açıq şəkildə ortaya qoydu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycan cəmiyyətində qorxu sindromunu sındırdı və azadlıq uğrunda mübarizənin geri dönməz xarakter aldığını nümayiş etdirdi: "20 Yanvar milli hərəkatın emosional etiraz mərhələsindən siyasi məqsədlərə yönəlmiş təşkilatlanma mərhələsinə keçidini sürətləndirdi. Həmin günlərdə baş verənlər göstərdi ki, xalq öz taleyinə sahib çıxmaq iradəsinə malikdir və bu iradə zor gücü ilə boğula bilməz. Məhz bu faciədən sonra müstəqillik ideyası cəmiyyətin geniş təbəqələri üçün abstrakt bir arzu deyil, real siyasi hədəf kimi formalaşdı. 20 Yanvar həm də dövlətçilik düşüncəsində legitimliyin mənbəyinin dəyişməsinə səbəb oldu. Sovet hakimiyyətinin zorakı addımları hüquqi və mənəvi legitimliyini itirdi, xalqın gözündə milli maraqlara xidmət edən müstəqil dövlət modeli yeganə çıxış yolu kimi qəbul edildi. Sonrakı dövrlərdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində 20 Yanvar şəhidlərinin xatirəsi milli həmrəyliyin, vətəndaş məsuliyyətinin və dövlətə bağlılığın mühüm ideoloji dayaqlarından birinə çevrildi.
Bu gün 20 Yanvar hadisələri Azərbaycan dövlətçilik ideologiyasında həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilir. Dövlət–cəmiyyət münasibətlərində bu tarix xalqa qarşı zor tətbiqinin hansı ağır nəticələrə gətirib çıxardığını xatırladan ciddi tarixi dərsdir. Eyni zamanda, 20 Yanvar Azərbaycan vətəndaşının azadlıq, suverenlik və milli ləyaqət uğrunda mübarizəsinin simvolu olaraq kollektiv yaddaşda yaşayır və gələcək nəsillər üçün siyasi məsuliyyət hissini gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB