“Trampın siyasəti ABŞ-ın beynəlxalq hüquq müstəvisində yeni mərhələdir” - ŞƏRH OLUNDU

“Donald Trampın həyata keçirdiyi siyasi addımlar klassik diplomatik yanaşmalardan əhəmiyyətli dərəcədə fərqlənsə də, bu davranışların beynəlxalq hüquq normalarından tam kənar olduğu qənaətinə gəlmək düzgün olmaz”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində hüququn tətbiqi mexanizmləri formal normativ çərçivə ilə yanaşı, real güc balansına söykənir:

”Beynəlxalq hüquq anlayışı mövcud olsa da, onun icrası və təsir gücü çox zaman dövlətlərin siyasi, iqtisadi və hərbi potensialı ilə müəyyənləşir. Bu baxımdan, “güc olmayan yerdə hüquq da işləmir” yanaşması beynəlxalq sistemin praktik reallıqlarını əks etdirir.

Trampın siyasi ritorikası və atdığı addımlar da məhz bu güc mərkəzli beynəlxalq hüquq anlayışına əsaslanır. Onun Venesuela və Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlər daha çox birbaşa müdaxilə planlarından deyil, strateji mesajlardan ibarət idi. Xüsusilə Qrenlandiya məsələsində ehtimal olunan ssenari Venesuela nümunəsindən fərqli olaraq, daha çox Danimarka və Avropa İttifaqı ilə aparılacaq siyasi və diplomatik proseslər kontekstində qiymətləndirilə bilər.

Qlobal nizamın transformasiyası məsələsinə gəldikdə isə, hazırda beynəlxalq münasibətlər sistemində ciddi struktur dəyişiklikləri müşahidə olunur. Bu dəyişikliklər təkcə Trampın siyasi xətti ilə bağlı deyil, ümumilikdə çoxqütblü dünya modelinə keçidin təzahürüdür. Bu mənada Tramp həm dəyişikliklərin təşəbbüskarı, həm də mövcud qlobal transformasiyanın bir komponenti kimi çıxış edir. Lakin bu proseslərin konkret nəticələrinin necə formalaşacağı və hansı mexanizmlərlə tənzimlənəcəyi hələ də qeyri-müəyyəndir.

Əgər beynəlxalq münasibətlərdə əsas meyar güc faktoruna çevrilərsə, bu yalnız ABŞ üçün deyil, eyni zamanda Çin və Rusiya kimi digər böyük güclər üçün də daha aktiv və sərt siyasət yürütmək imkanları yaradacaq. Belə bir şəraitdə Trampın siyasəti ABŞ-ın beynəlxalq hüquqa münasibətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bunun beynəlxalq ictimaiyyət tərəfindən nə dərəcədə qəbul ediləcəyi isə qlobal güc balansının gələcək konfiqurasiyasından asılı olacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə