"Azad edilmiş torpaqlarda hər təmizlənən sahə yeni həyatın, Böyük Qayıdışın daha bir addımıdır” - ŞƏRH
"Azərbaycanın azad edilmiş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti postmünaqişə dövrünün ən vacib və strateji istiqamətlərindən biridir. Uzun illər işğal altında qalmış torpaqlarda basdırılmış minlərlə mina və partlamamış hərbi sursat bu gün bərpa və quruculuq işlərinin qarşısında duran əsas təhlükə olaraq qalmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, minatəmizləmə təkcə texniki məsələ deyil, eyni zamanda humanitar, sosial və milli təhlükəsizlik məsələsidir:“Bu fəaliyyətin uğurla icrası olmadan nə infrastruktur layihələrinin həyata keçirilməsi, nə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı mümkündür. Bu baxımdan dövlət tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət tam əsaslıdır”.
Deputat təəssüflə bildirib ki, Ermənistanın basdırdığı minalar nəticəsində müharibə bitdikdən sonra da onlarla Azərbaycan vətəndaşı – mülki şəxslər, jurnalistlər, dövlət qulluqçuları və minatəmizləyən mütəxəssislər həyatını itirib və ya ağır xəsarətlər alıb:
“Bu faktlar göstərir ki, mina terroru müharibədən sonra da davam edir. Xüsusilə vurğulanmalıdır ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən uzun müddət boyun qaçırıb, təqdim edilən xəritələrin isə böyük hissəsi qeyri-dəqiq olub. Bu isə minatəmizləmə prosesini süni şəkildə ləngitməklə yanaşı, əlavə insan tələfatına səbəb olub. Beynəlxalq humanitar hüquqa görə, silahlı münaqişə tərəfi müharibə başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün minalanmış ərazilər barədə məlumat verməyə borcludur. Bu baxımdan Ermənistanın davranışı 1949-cu il Cenevrə Konvensiyalarının, eləcə də Beynəlxalq Humanitar Hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır. Minaların xəritəsiz və sistemsiz basdırılması, habelə onların mülki obyektlərin ətrafında yerləşdirilməsi müharibə cinayətidir. Azərbaycan tərəfi bu məsələni beynəlxalq təşkilatlar və hüquqi platformalarda ardıcıl şəkildə gündəmə gətirir”.
S.Salmanova qeyd edib ki, hazırda azad edilmiş bütün ərazilərdə minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə planlı şəkildə aparılır:
“Dövlət bu sahəni milli təhlükəsizlik məsələsi kimi müəyyən edib və böyük maliyyə, texniki və insan resursları cəlb olunub. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, müasir texnologiyaların tətbiqi riskləri azaltmağa xidmət etsə də, problemin miqyası hələ də çox genişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti qətiyyət nümayiş etdirərək azad edilmiş torpaqlarda təhlükəsiz həyatın bərpasını prioritet elan edib. Minatəmizləmə prosesində hər bir təmizlənmiş sahə yalnız torpağın deyil, insan talelərinin də xilas edilməsi deməkdir. Azad edilmiş torpaqlarda hər təmizlənən sahə yeni həyatın, təhlükəsiz gələcəyin və Böyük Qayıdışın daha bir addımıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB