“240 MVt gücündə külək stansiyası Azərbaycanın bərpa olunan enerji potensialının nümunəsidir” -ŞƏRH OLUNDU
“Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirirdi. Prezident bu layihəni təkcə yeni bir elektrik stansiyasının açılışı kimi deyil, ölkənin uzunmüddətli enerji təhlükəsizliyi və dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi kimi təqdim etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, 240 MVt gücündə külək stansiyası Azərbaycanın bərpa olunan enerji potensialının artıq real istehsala çevrildiyini göstərən konkret nümunədir:
“İkinci mühüm məqam “yaşıl enerji” xəttinin dövlət siyasəti səviyyəsinə qaldırılmasıdır. Prezident çıxışında açıq şəkildə vurğuladı ki, Azərbaycan təkcə neft-qaz ölkəsi olmaqla kifayətlənmir, paralel şəkildə bərpa olunan enerji mənbələrinə ciddi yatırım edir. Bu, həm ekoloji məsuliyyət, həm də gələcəkdə karbohidrogenlərdən asılılığın mərhələli şəkildə azaldılması baxımından strateji yanaşmadır.
Üçüncü istiqamət beynəlxalq əməkdaşlıq və investisiya mühiti ilə bağlı idi. ACWA Power kimi nüfuzlu Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu miqyasda layihə həyata keçirməsi Prezident tərəfindən ölkəyə olan etimadın göstəricisi kimi təqdim olundu. Bu mesaj həm xarici investorlar, həm də regional enerji bazarları üçün açıq siqnal idi: Azərbaycan sabit, proqnozlaşdırılan və uzunmüddətli layihələr üçün etibarlı tərəfdaşdır.
Prezidentin çıxışında dolayısı ilə vurğulanan əsas ideya ondan ibarət idi ki, daxili tələbatın bir hissəsi “yaşıl enerji” hesabına ödənildikcə, ənənəvi qaz ehtiyatları ixrac üçün azad olunur. Bu isə Azərbaycanın Avropa və digər bazarlardakı enerji rolunu daha da gücləndirir.
Qarabağ və Şərqi Zəngəzurla bağlı “yaşıl enerji zonası” konsepsiyası ilə ideoloji baxımdan uzlaşırdı. “Xızı-Abşeron” layihəsi bu konsepsiyanın yalnız azad edilmiş ərazilərlə məhdudlaşmadığını, ümumilikdə ölkə üzrə tətbiq olunduğunu göstərdi.
Prezidentin çıxışı texniki layihənin təqdimatından daha çox, Azərbaycanın enerji gələcəyinə dair strateji baxışını, regional və qlobal enerji sistemində tutmaq istədiyi yeri və ekoloji dayanıqlığa əsaslanan inkişaf modelini ortaya qoydu. Bu baxımdan mərasim, sadəcə açılış deyil, enerji siyasətində yeni mərhələnin siyasi bəyanatı kimi dəyərləndirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB