Prezident İlham Əliyevin çıxışı fonunda Azərbaycanın enerji təhlükəsizliyində yeni konsepsiya - ŞƏRH OLUNDU
“Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində səsləndirdiyi çıxış Azərbaycanın enerji strategiyasında yeni mərhələnin həm simvolik, həm də praktik ifadəsi kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, bu çıxış yalnız 240 meqavat gücündə bərpaolunan enerji obyektinin istismara verilməsini deyil, eyni zamanda ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığının artırılması və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və uzunmüddətli siyasətin konseptual çərçivəsini əks etdirir:
”Çıxışda xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycanın bərpaolunan enerji sahəsində xarici investorlarla formalaşdırdığı etibarlı tərəfdaşlıq modelidir. “ACWA Power” və “Power China” kimi qlobal miqyasda tanınmış şirkətlərin Azərbaycanda fəaliyyətə cəlb edilməsi ölkədə mövcud olan stabil siyasi-iqtisadi mühitin, güclü hüquqi mexanizmlərin və strateji baxışın nəticəsi kimi dəyərləndirilə bilər. Prezidentin “sözümüz imzamız qədər dəyərlidir” fikri investisiya mühitində etimad faktorunun əsas prinsip kimi qəbul edildiyini və dövlətin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini açıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel və balanslı şəkildə inkişaf etdirilməsi strategiyasıdır. Dövlət başçısı açıq şəkildə bildirir ki, Azərbaycan enerji təhlükəsizliyini yalnız bir mənbəyə bağlamır. Mingəçevir İstilik Elektrik Stansiyası kimi iri ənənəvi enerji obyektləri ilə yanaşı, günəş, külək və su elektrik stansiyalarının sürətlə inşası ölkəyə həm daxili enerji tələbatını etibarlı şəkildə ödəmək, həm də ixrac potensialını genişləndirmək imkanı yaradır. Qlobal enerji bazarlarında qeyri-müəyyənliklərin artdığı mövcud şəraitdə bu yanaşma rasional və uzaqgörən strategiya kimi çıxış edir.
Bərpaolunan enerji potensialının coğrafi baxımdan ölkənin müxtəlif bölgələrini əhatə etməsi Azərbaycanın mühüm struktur üstünlüklərindən biridir. Prezidentin Xəzər dənizinin 157 giqavatlıq külək enerjisi potensialını xüsusi qeyd etməsi Azərbaycanın gələcəkdə regionun aparıcı “yaşıl enerji” mərkəzlərindən birinə çevrilmək niyyətini ortaya qoyur. Bununla yanaşı, enerji saxlanması üçün batareya sistemlərinin yaradılması təşəbbüsü enerji infrastrukturunun texnoloji çevikliyini və dayanıqlığını artırmağa yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər.
Çıxışın strateji məna daşıyan mühüm istiqamətlərindən biri də azad edilmiş ərazilərin ölkənin ümumi enerji konsepsiyasına inteqrasiyasıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa edilən kiçik su elektrik stansiyaları bu ərazilərin “yaşıl enerji zonası” kimi formalaşdırılması strategiyasının praktik təzahürü olmaqla yanaşı, bərpa-quruculuq prosesinə uzunmüddətli iqtisadi və ekoloji məzmun qazandırır.
Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışındakı çıxışı Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi və texnoloji ölçülərə malik kompleks strateji xətt üzərində qurulduğunu nümayiş etdirir. Sözügedən stansiya isə bu strategiyanın konkret nəticəsi olaraq, ölkənin davamlı inkişaf modelində və “yaşıl enerji” keçidində mühüm dayaqlardan biri kimi çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB