"Prezidentin apardığı siyasət qlobal informasiya məkanında maraq doğuran əsas amillərdəndir" - ŞƏRH EDİLDİ
"Cənab Prezidentimiz İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin dünya mediasının diqqət mərkəzində olması bir sıra mühüm və obyektiv səbəblərlə izah olunur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dövlət başçımızın indiyə qədərki siyasi fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və qlobal miqyasda əhəmiyyət daşıyan mövqeyi onu regionda və dünyada nüfuzlu siyasi liderlərdən birinə çevirib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə təsir göstərən qərarları və baxışları ilə beynəlxalq ictimaiyyətin diqqətini daim üzərində saxlayır:
"Məhz bu səbəbdən də onun hər bir çıxışı, müsahibəsi və bəyanatı aparıcı dünya media qurumları tərəfindən yaxından izlənilir və geniş işıqlandırılır. İkincisi, sözügedən müsahibədə cənab Prezident İlham Əliyevin toxunduğu mövzuların əhatə dairəsi və aktuallığı dünya mediasının marağını daha da artırıb. Müsahibə zamanı ABŞ-ın Azərbaycana və ümumilikdə Cənubi Qafqaz regionuna münasibəti, bu ölkənin bölgədə həyata keçirdiyi siyasətin mahiyyəti və nəticələri aydın şəkildə şərh olunub. Bununla yanaşı, Çinin regionda artan maraqları, Azərbaycanla Çin arasında mövcud və perspektiv əməkdaşlıq imkanları da diqqət mərkəzinə çəkilib. Eyni zamanda, uzun illərdir beynəlxalq gündəmdə olan və hələ də ədalətli həllini tapmayan Yaxın Şərq problemi ilə bağlı Azərbaycanın prinsipial və balanslı mövqeyi dövlət başçısı tərəfindən açıq və konkret formada ifadə olunub.
Bu məsələlər üzrə Prezident İlham Əliyevin verdiyi cavablar və səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət xəttini bir daha nümayiş etdirib. Məhz bu aydın və qətiyyətli mövqe dünya mediası tərəfindən maraqla qarşılanıb və geniş müzakirə mövzusuna çevrilib. Dünya mediasının bu müsahibəyə göstərdiyi böyük diqqət, heç şübhəsiz ki, dövlət başçımızın zəngin siyasi təcrübəsi, güclü liderlik keyfiyyətləri və beynəlxalq arenada formalaşmış nüfuzu ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin şəxsiyyəti və apardığı siyasət bu gün qlobal informasiya məkanında maraq doğuran əsas amillərdən biri kimi çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB