"Şimal-Cənub dəhlizi Azərbaycanın regional nəqliyyat qovşağı rolunu gücləndirir" - ŞƏRH

"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əslində İran və Cənub-Şərqi Asiyadan Rusiya istiqamətində, yəni şimala doğru yönələn alternativ bir nəqliyyat dəhlizidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, bu dəhliz özlüyündə təkcə avtomobil, dəmir yolları deyil, eyni zamanda enerji kommunikasiyalarını da özündə ehtiva edir: "Əslində mahiyyət etibarilə, bu dəhliz Rusiyanın Asiya bazarına çıxışı üçün Cənub-Şərqi Asiya, yəni İran, Pakistan, Əfqanıstan, Hindistan istiqamətində çıxışı, eyni zamanda bu ölkələrin Rusiyanın Avropa bazarına çıxışını təmin edən həm təhlükəsiz, həm az xərcli, həm də daha effektiv sayılan bir nəqliyyat və kommunikasiya dəhlizi rolunu oynayır.

Burada ən önəmli ölkə şübhəsiz Azərbaycandır. Azərbaycanın təmin etdiyi bu nəqliyyat dəhlizi əslində ölkəmizi kommunikasiya xətlərinin keçdiyi regional bir nəqliyyat qovşağına çevirir. Bu layihə ilə bağlı son illərdə ciddi addımlar atılır. Hərçənd, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik və eyni zamanda İran-Azərbaycan münasibətlərindəki gərginlik bu dəhlizin gələcəyinə dair müəyyən suallar yaratsa da, ümumi mənada icrasının qarşısında hər hansı böyük bir problem yoxdur.

Təbii ki, bu iki ölkənin Bakıya münasibətində ciddi dəyişiklik baş verməsə, Şimal-Cənub dəhlizi gələcəkdə Zəngəzur dəhlizi qədər strateji və iqtisadi baxımdan önəmli bir rola sahib olacaq.

Şübhəsiz, regional tranzitin də inkişaf etməsində mühüm pay olacaqdır. Yəni, biz bilirik ki, nə qədər çox nəqliyyat xətlərinin üzərində bir ölkə yerləşirsə və coğrafi məkan olaraq önəmli mövqe tutursa, bu, həmin ölkənin və bütövlükdə coğrafi bölgənin iqtisadiyyatında ciddi artıma gətirib çıxara bilər. Bu isə, həm iqtisadi inkişafı sürətləndirir, həm də əraziyə yeni investisiyaların gətirilməsinə təkan verir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə