"COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində fəal rolunu göstərir" - ŞƏRH EDİLDİ

"Azərbaycanın beynəlxalq münasibətləri və enerji siyasəti ölkənin strateji mövqeyi və regional liderlik rolunu daha da möhkəmləndirir. Son illərdə Avropa ilə qaz müqavilələrinin imzalanması Azərbaycanın enerji siyasətində çox mühüm addım hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu müqavilələr yalnız iqtisadi divident gətirmir, eyni zamanda ölkəmizin Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirir və enerji təhlükəsizliyində mühüm rol oynayır: "Avropaya ixrac olunan qazın həcmi, uzunmüddətli kontraktlar və infrastruktur layihələri Azərbaycanın enerji siyasətini strateji əməkdaşlıq müstəvisinə çıxarır. Bununla paralel olaraq, “Yaşıl enerji” strategiyası ölkənin davamlı inkişaf və ekoloji öhdəliklərini ön plana çıxarır. Azərbaycan neft və qaz hasilatı ilə yanaşı, bərpa olunan enerji mənbələrinə investisiyaları artırır, günəş və külək enerjisi layihələrini genişləndirir. Bu yanaşma ölkəmizin beynəlxalq imicini yüksəldir, ekoloji siyasətdə müasir standartlara cavab verdiyini göstərir və COP29 kimi nüfuzlu beynəlxalq platformalarda fəal iştirakını təmin edir. COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində fəal rolunu bir daha təsdiqləyir. Bu tədbir, həm də regionda enerji siyasətində Azərbaycanın liderlik rolunu, davamlı inkişaf və iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini beynəlxalq səviyyədə nümayiş etdirməsinə imkan verir. Belə tədbirlər Azərbaycan üçün yalnız diplomatik nüfuz qazandırmır, həm də iqtisadi və investisiya baxımından yeni perspektivlər açır.

Ümumilikdə, Azərbaycanın Avropa ilə enerji müqavilələri, “Yaşıl enerji” strategiyası və COP29-un Bakıda keçirilməsi ölkənin beynəlxalq münasibətlərini gücləndirir, enerji siyasətini modernləşdirir və regionda strateji mövqeyini möhkəmləndirir. Bu yanaşma Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş, regionda isə lider dövlət imicini formalaşdırır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə