"Azərbaycanın sənayeləşməsi post-neft dövrü üçün dayanıqlı baza formalaşdırır" - DEPUTAT DANIŞDI

"Azərbaycanda sənayeləşmə günü-gündən artır və ən əsas məsələlərdən biri odur ki, yerli xammal hesabına yeni sənaye istiqamətləri yaradılır. Belə ki, Azərbaycan Prezidentinin Avropa üçün mineral daşıyan zavodların açılışında iştirakçı da bu məsələyə verdiyi önəmin nümunələrindən biridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hər şeydən öncə, biz məsələnin həm də sosial tərəfinə diqqət yetirməliyik: "Yeni açılan hər bir zavod, iş yeridir. Orada işləyən ailələrin ailə büdcəsidir. Eyni zamanda, iqtisadiyyatımıza əlavə gəlir gətirən bir sahədir. Ona görə də şübhəsiz ki, sənaye məhsullarının istehsalının artması həm də vətəndaşların rifahı deməkdir.
Ancaq məsələnin başqa bir tərəfi də var: istehsal olunan mallar əgər xaricə ixrac olunursa, bunun iqtisadi dəyəri daha böyükdür. Çünki nəticə etibarilə Azərbaycana valyuta qazandırmaqla valyuta ehtiyatlarımız da artırılmış olur. Ona görə də bu tip layihələrin genişləndirilməsi Azərbaycanın iqtisadiyyatını ənənəvi neft iqtisadiyyatından uzaqlaşdıracaq. Bu da post-neft erasına uyğun inkişaf edən dayanıqlı iqtisadiyyata sahib olmağımıza yardımçı olacaq. Hazırda Azərbaycanda həyata keçirilən sənaye siyasətinin özəyində dörd əsas prioritet dayanır: yerli resursların maksimum dərəcədə səmərəli istifadəsi, texnoloji yenilənmə, ixracyönümlü istehsalın gücləndirilməsi və regionlarda yeni iqtisadi mərkəzlərin formalaşdırılması. Bu, təkcə iqtisadi inkişaf deyil, həm də ölkənin milli təhlükəsizlik strategiyasının bir hissəsidir. Çünki nə qədər çox istehsal sahəsi formalaşırsa, bir o qədər ölkənin iqtisadi dayanıqlığı və təzyiqlərə davamlılığı artır.

Yeni açılan müəssisələrin həm də enerji səmərəliliyinə, ekoloji standartlara və innovativ texnologiyalara əsaslanması Azərbaycan sənayesinin modernləşdirilməsi prosesinin göstəricisidir. Yerli istehsalın güclənməsi idxalın azalmasına, ixracın isə artmasına gətirib çıxarır ki, bu da Makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun gəlirlərinin artması baxımından mühüm amildir.

Bununla yanaşı, sənayenin genişlənməsi bölgələrdə sosial-iqtisadi inkişafın sürətlənməsi deməkdir. İnfrastrukturun yenilənməsi, logistika imkanlarının artırılması, sənaye zonalarının fəaliyyətə başlaması regionlara həm investisiya axınını gücləndirir, həm də əhalinin bölgədə məskunlaşmasını stimullaşdırır. Bu isə ölkə daxilində balanslı inkişaf modelinin formalaşmasına xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə