"Ağdamda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir" - ŞƏRH EDİLDİ

"Qarabağın ürəyi sayılan Ağdamın işğaldan azad olunduğu gündür. Başda ağdamlılar olmaqla Azərbaycan xalqını təbrik edirik. Cənab Prezident İlham Əliyevin uğurlu, düşünülmüş və qətiyyətli siyasi, şanlı Ordumuzun Zəfəri ilə biz 2020-ci ildə böyük qələbəmizi qazandıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bundan sonra isə artıq imzalanan üçtərəfli bəyanatda göstərilən şərtlərdən biri də Ağdamı sinc yolla, silahsız boşaldılması idi:

"Təəssüflər olsun ki, erməni vandalları bu torpaqları tərk edərkən Ağdama böyük ziyan vurdular. O qədər dağıntı var idi ki, bayraq sancmaq üçün heç bir yer tapa bilmədilər. Nəhayət, Azərbaycan əsgəri məscidin üst hissəsində bayrağımızı ucaldaraq Ali Baş Komandana raport verdi. Bu mənzərə təkcə bir ritualla məhdudlaşmırdı – bu, həm yer üzündə törədilmiş vandalizmin miqyasını göstərir, həm də Azərbaycan dövlətinin iradəsini, xalqımızın yenidən doğulmaq əzmini simvolizə edirdi. Şəhərdə bərpa və quruculuq işləri sıfırdan, hətta mənfidən başlamağa məcbur oldu. Lakin bu gün vəziyyət tamamilə fərqlidir. Ağdamda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər inşa olunur. Şəhərə həyat qayıdır, insanlar doğma torpaqlarına köç edir, burada yeni bir başlanğıc yazılır.

Bu proses həm dövlətimizin gücünün, həm də xalqımızın birliyinin təcəssümüdür. Hazırlanan Baş plana əsasən Ağdam yaxın gələcəkdə Azərbaycanın ən müasir, ən abad və ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz bu inkişafı görməkdən, bir vaxtlar dağıdılmış torpaqlarımızın yenidən dirçəlişinə şahid olmaqdan böyük fəxr hissi duyuruq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə