Yeni Azərbaycan Partiyası: 33 illik siyasi iradə və milli birlik - ŞƏRH OLUNDU

“Müasir, müstəqil Azərbaycan dövləti bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan müstəqillik qazandığı vaxtdan 1993-cü ilin ortalarınadək ağır sınaqlarla üzləşmişdi: “Ölkədə siyasi idarəetmə sistemi dağılmış, bölgələrdə sabitlik pozulmuş, ordu formalaşmamışdı. Cəmiyyət narahatlıq içində idi. Dövlətçiliyin gələcəyi sual altına düşmüşdü. Belə bir vəziyyətdə xalqın içindən yüksələn narahatlıq və müdriklik birləşərək tarixi sənədə çevrildi. Həmin dövrdə 91 nəfər vətənpərvər ziyalı ölkənin taleyinin təhlükə altında olduğunu görərək Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Bu müraciət Azərbaycan dövlətçiliyinin xilası naminə ən mühüm siyasi addıma çevrildi. Həmin sənəd milli vicdanın səsi, xalqın öz nicat yolunu tapmaq əzmi idi.

“91-lər”in müraciəti yalnız siyasi çağırış xarakteri daşımırdı. Bu sənəd xalqın dərin narahatlığının, dövlətçilik ənənələrinin dağılmasının qarşısının alınması üçün irəli sürdüyü strateji tələb idi. Həmin müraciətdə Azərbaycan reallıqlarının ciddi təhlili aparılır, ölkənin gələcək inkişafı naminə qətiyyətli liderliyə ehtiyac açıq şəkildə ifadə edilirdi. O dövrdə xalq elm, mədəniyyət və ictimai həyatın tanınmış simalarının bir araya gələrək məsuliyyət göstərməsi xalqın mənəvi gücünün göstəricisi idi. Müraciət ölkənin siyasi taleyinin dəyişməsi üçün əsas siqnal oldu.

Ulu Öndər Heydər Əliyev həmin müraciəti böyük məsuliyyətlə, dərin siyasi uzaqgörənliklə və xalqın iradəsinə hörmətlə qarşıladı. O, müraciətə verilən cavabında Azərbaycanın ağır vəziyyətini dəqiq təhlil edərək ölkənin gələcək xilas yolunun vahid strategiya, güclü liderlik və milli birlik əsasında mümkün olduğunu bildirdi. Ulu Öndərin müraciəti müsbət dəyərləndirməsi yalnız bir sənədə cavab deyil, xalqın çağırışına göstərilən böyük etimad və tarixi missiyanı qəbul etmək anlamı daşıyırdı. Ulu Öndər bilirdi ki, Azərbaycan belə həlledici anda xalqın iradəsindən doğan bu çağırışa susa bilməz. Onun bu addımı dövlətçiliyin bərpasının başlanğıcı və Yeni Azərbaycan Partiyasının yaranmasının ideoloji mənşəyi oldu. Məhz həmin müraciət əsasında Yeni Azərbaycan Partiyasının təsis olunmasına gətirib çıxardı. 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransı Azərbaycan siyasi həyatında təməl hadisəyə çevrildi. Bu konfrans dövlətçilik düşüncəsinin yenidən dirçəlişi, idarəetmənin milliləşməsi, milli təhlükəsizliyin təmin edilməsi üçün konseptual dönüş nöqtəsi idi. Yeni Azərbaycan Partiyası yaranan andan etibarən xalqın səsinə cavab verən, ölkənin gələcəyi üçün məsuliyyət daşıyan və dövlətçiliyin qorunması üçün qətiyyət nümayiş etdirən siyasi qüvvə kimi formalaşdı.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın müraciətinə verilən cavabın reallaşması idi. Bu qayıdış Azərbaycanı xaosdan, parçalanmadan, sabitlik itkisindən xilas etdi. Dövlət idarəçiliyinin əsasları yenidən quruldu, milli təhlükəsizlik məsələləri strateji şəkildə həll edilməyə başladı, iqtisadi dirçəliş üçün zəruri addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin siyasi xətti Azərbaycan dövlətinin sütunlarına çevrildi və bu gün də öz aktuallığını tam şəkildə qoruyur.

Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları məhz bu dövrdən formalaşdı: dövlətçilik ənənələrinin bərpası, milli maraqlara əsaslanan siyasət, xalqla hakimiyyət birliyinin təmin edilməsi, güclü ordu quruculuğu, diplomatik əməkdaşlığa əsaslanan xarici siyasət və sosial-iqtisadi inkişaf strategiyası. Bu ideyalar yalnız bir partiyanın fəaliyyət prinsipi deyil, dövlətin ümumi inkişaf fəlsəfəsi oldu.

2003-cü ildən etibarən cənab İlham Əliyevin Prezident seçilməsi siyasi kursun davamlılığını, idarəetmədə yenilənmə və peşəkarlığın möhkəmlənməsini təmin etdi. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə bildirmişdi.

Bunlarla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu isə dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Reallıqlar isə onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdar olacaq.

Bu dövrdən başlayaraq Yeni Azərbaycan Partiyası dövlət idarəçiliyinin aparıcı intellektual qüvvəsinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müasirliklə ənənənin ahəngini birləşdirərək Azərbaycanı regional və qlobal miqyasda üstün mövqeyə yüksəltdi. Ordu quruculuğu gücləndirildi, iqtisadiyyat modernləşdirildi, sosial proqramlar genişləndirildi, diplomatik siyasət yeni çağırışlara uyğunlaşdırıldı. Bu siyasətin ən böyük nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsidir. 2020-ci ildə Qələbə ilə başa çatan Vətən müharibəsi xalq-lider birliyinin və dövlətçilik iradəsinin parlaq təzahürüdür. Bu Qələbə Azərbaycan dövlətçiliyinin təntənəsi, Yeni Azərbaycan Partiyasının illər boyu yaratdığı ideoloji platformanın məntiqi nəticəsi oldu. 2023-cü iln sentyabrında antiterror tədbirləri ilə ölkədə suverenlik tam təmin edildi.Suverenliyində baş tacı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi və digər ərazilərimizə üçrəngli bayrağımızı ucaltması oldu. Bu nailiyyətlər milli qürur mənbəyidir və Ulu Öndərin qoyduğu təməl prinsiplərin Prezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə həyata keçirilməsinin nəticəsidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, yeni şəhərsalma konsepsiyası, “Böyük Qayıdış” proqramı Azərbaycanın inkişaf strategiyasının yeni mərhələsini təşkil edir. Bu fəaliyyət ölkənin müasir quruculuq fəlsəfəsinə uyğun şəkildə həyata keçirilir və Yeni Azərbaycan Partiyasının siyasi xəttinin tərkib hissəsidir.

Bu gün Yeni Azərbaycan Partiyası 700 mindən çox üzvü özündə birləşdirən geniş sosial bazası, intellektual potensialı, dövlətçilik ideyalarına sadiqliyi ilə siyasi sistemdə aparıcı mövqedədir. Partiyanın sıralarında gənclərin fəallığı, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ölkənin gələcəyi üçün etibarlı kadr ehtiyatı yaradır. Yeni Azərbaycan Partiyası yalnız bir siyasi təşkilat deyil, dövlətçilik məktəbi, idarəetmə strategiyasının formalaşdırıldığı platforma, milli inkişaf konsepsiyasının ideoloji mərkəzidir.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mühüm istiqamətlərindən biri ölkədə keçirilən seçkilərdə yaxından və fəal şəkildə iştirak etməkdir. Ötən illər ərzində Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası böyük uğurlar əldə etmişdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası məqsədyönlü fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilmiş, seçkilərdə əldə etdiyi qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirmişdir. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti Azərbaycan Partiyasının ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olmuşdur.

Partiyanın VII Qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın tarixində yaddaqalan məqamlarla həkk olundu. Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi və həmin dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atmışdı. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiya üçün əlamətdar və mühüm ictimai-siyasi hadisəyə çevrildi. VII Qurultayda partiyanın yeni hüquqi-normativ sənədləri qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, Azərbaycan Partiyasının İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Bütün bu məsələlər Azərbaycan Partiyasının VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu.

Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti göstərir ki, milli maraqlar üzərində qurulan, xalqın iradəsinə söykənən, dövlətçilik fəlsəfəsini özündə birləşdirən siyasi xətt zamanın bütün sınaqlarından keçə bilir. Bu illər ərzində Azərbaycan güclənib, sabitlik əldə edib, dünya miqyasında etibarlı tərəfdaş kimi tanınıb. Dövlətin strateji inkişaf xətti uğurla həyata keçirilir və bu xəttin ardıcıllığını Prezident İlham Əliyevin qətiyyətli siyasəti təmin edir. Bu gün Yeni Azərbaycan Partiyası qarşısında duran vəzifələr daha genişdir. Postmüharibə dövrünün reallıqları yeni strateji hədəflər müəyyənləşdirir. İqtisadiyyatın rəqabətqabiliyyətli modelə keçidi, yeni texnoloji inkişaf mərhələsi, sosial rifahın yüksəldilməsi, işğaldan azad edilmiş ərazilərdə tam bərpa prosesinin tamamlanması, gənclərin dövlət idarəçiliyində daha fəal rola malik olması bu hədəflərin əsas istiqamətləridir. Yeni Azərbaycan Partiyası bu hədəflərin reallaşması üçün güclü ideoloji baza, idarəetmə təcrübəsi və milli məfkurə təqdim edir.Bu gün ölkəmizin siyasi həyatı Ulu Öndərin irsinin və Prezident İlham Əliyevin strateji liderliyinin uğurlu sintezinə əsaslanır. Bu sintez Azərbaycanı yeni zirvələrə aparan əsas faktordur. Yeni Azərbaycan Partiyası bu strateji xəttin həyata keçirilməsində aparıcı rolunu davam etdirir və dövlətin gələcək inkişafına töhfə verməkdə əzmli davranır.

Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə bu böyük siyasi məktəbin bütün üzvlərini təbrik edirəm. Bu tarix xalqımızın iradəsinin, dövlətçiliyimizin möhkəmliyinin və siyasi müdrikliyimizin simvoludur. Ulu Öndər Heydər Əliyevin böyük irsi və Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin müasir idarəçilik modeli Azərbaycanı daha geniş hədəflərə aparır. Bu yol güclü dövlətçilik ənənəsi, milli birlik və strateji düşüncə üzərində qurulmuş yoldur. Bu yol gələcək qələbələrin təminatıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə