Hayların gözünə görünən İLĞIM – TƏHLİL

Hazırda erməni cəmiyyətində qarşıdan gələn seçkilərlə bağlı, daha dəqiq desək, 2026-cı ildə gözlənilən seçkilərlə bağlı fikir müxtəlifliyi hökm sürür və hətta xam xəyallar da mövcuddur. Məsələ burasındadır ki, hayların bəziləri elə zənn edirlər ki, gələn il seçkilərdə müxalifətin qələbəsi onlara “nə isə” verə bilər. Nə isə dedikdə, çox güman ki, ermənilərin özləri düşdükləri vəziyyətlə bağlı mövqelərinin guya bir qədər üstün ola biləcəyi, ələlxüsus da müharibədə uduzmalarının ardınca sülh danışıqları zamanı guya daha əlverişli şərtlər əldə edə biləcəklərinə inanmağa çalışırlar. Bəli, inanmırlar, inanmağa çalışırlar. Çünki haylara məxsus dırmaqarası fantastik “öncəgörücülükləri” onların özləri üçün də düşüncələrinin yanlışlığı fonunda elə ilğım hesab olunur.

Bəzən hansısa bir insan səhrada olduğu zaman, xüsusən də susuzluqdan əziyyət çəkdiyi, suya hədsiz dərəcədə ehtiyac duyduğu zaman gözünə qarşıda bir su hövzəsi, oazis belə görünə bilir ki, buna elə ilğım deyilir. Mütəxəssislərin bir qisminin fikrincə, ilğım, yəni, yer atmosferində baş verən həmin optik hadisə məhz müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır. Digər qism alimlər hesab edirlər ki, ilğım məhz hədsiz dərəcədə istək, ehtiyac yarandığı zaman təzahür edir. Hər halda, ikinci izahın doğruluğu ilə bağlı da fikirlər yetərincədir. Məsələ burasındadır ki, susuzluqdan əziyyət çəkən insan, gözünə görünənin ardınca nə qədər getsə də ona çata bilmirsə də, reallıqla da barışa bilmir və elə zənn edir ki, gedib çatacaq. Ümumiyyətlə, reallığa inanmaq istəmir. Bax elə indi hayların vəziyyəti və inanmaq istəmədikləri, gözlərinə görünən məhz buna bənzəyir. Özləri də başa düşmək istəmirlər ki, seçkilərin necə və hansı nəticə ilə başa çatmasından asılı olmayaraq heç nə dəyişən deyil və sülh şəraitində yaşamaları üçün ortada olan şərtlər dəyişməzdir. Nə başqa yol, nə də bir başqa seçim ola bilməz.

Heç şübhəsiz ki, Ermənistanın hazırki hakimiyyəti həmin ölkənin müxalifəti ilə müqaisədə reallığı daha dəqiq görə bilir və qətiyyən ilğım dalınca qaçmaq niyyətində ola da bilməz. Əvvəla ona görə ki, 44 günlük müharibə dönəmində də, müharibədən sonrakı dönəmdə də xam xəyalların onlar üçün faciyəvi nəticələr vəd etdiyinin təcrübi olaraq şahidi olublar və acısını da yaşayıblar. Bir sözlə, Ermənistan hakimiyyəti ilğımı dəfələrlə görüb və onun arxasınca qaçmağın mənasız olduğunun az-çox fərqindədir. Digər tərəfdən də axı bir-birinin ardınca müxtəlif platformalarda danışıqlar zamanı da əsl reallığın nədən ibarət olduğunu da başa düşmək məcburiyyətində qalıb. Başa düşmək məcburiyyətində qalıb ki, qonşu ölkələrə qarşı ərazi iddiası heç bir beynəlxalq hüquqi normaya sığışmır və sülh şəraitində yaşamaq üçün belə iddialardan əl çəkmək tələb olunur.

Əslində, təkcə Ermənistan hakimiyyəti yox, elə həmin ölkənin müxalifəti də, bütövlükdə erməni cəmiyyəti özü də bu reallığı, bu həqiqəti gec-tez başa düşməlidir. Daha dəqiq desək, çoxdan başa düşməli idi və hələ başa düşməkdə gecikir də. Düz 30 ilə yaxın müddət ərzində ölkəmizin ərazilərini işğal altında saxlayanlar özlərinə məxsus olmayana sahib çıxmağın mümkünsüzlüyünü görüblər axı. Görüblər ki, bütün dünyanı köməyə çağırsalar da, daş atıb baş tutsalar da xalqımıza, bizə məxsus olan əraziləri özününküləşdirə bilməyiblər. Ərazilərimizi öz əraziləri kimi elan etməyə də cürətləri çatmayıb. Üstəlik, bir müddət danışıqlar masasında müxtəlif manipulyasiyalar etdiklərinə görə, sönda hərbi yolla, Azərbaycanın öz gücü ilə ərazilərimizin geri qaytarıldığını da unutmayıblar. Yəni, bunu nəinki əsrlər boyu, bundan sonra bütün mövcudluqları dövründə də unutmamalıdırlar. Unutmamalıdırlar ki, torpaqdan, vətəndən pay olmayıb və ola da bilməz. Elə isə, yenə nəyə gözlərini dikiblər? İndi nəyin arzusundadırlar və nəyə çalışırlar axı? İndi gözlərinə görünən nədir?

Bəli, təkcə Ermənistanda yaşayan haylar deyil, dünyanın bütün erməliləri əmin oldular ki, xam xəyalları puça çıxdı. Dırmaqarası “Böyük Ermənistan” xülyalarının sabun köpüyü misalında partladığını və mənasız ideyaların dalınca düşdüklərini də başa düşməli idilər. Başa düşənlər ermənilər də az deyil. Bunu etiraf edənlərin günü-gündən artdığını da görürük. Bəs yaxşı, indi bütün bunların fonunda daha nəyin ardınca düşməkdədirlər? Sadə dillə desək, indi nə istəyirlər və nə axtarırlar? İndi arzuladıqları nədir? Gözlərinə indi nə görünür və gördüklərinin ilğım olduğunu hələ də başa düşə bilmirlərmi?

İşğaldan azad olunan, daha doğrusu, işğaldan azad etdiyimiz ərazilərimizdə quruculuq, abadlıq işlərini müşahidə edən, viran etdikləri torpaqların günü-gündən çiçəkləndiyini uzaqdan seyr edən hayların təəssüf hissini də, paxıllığını da duymamaq mümkün deyil, çünki Ermənistan mətbuatında belə yazılanlar bunu açıq şəkildə təsdiqləyir. Hətta beynəlxalq aləmdə Azərbaycanın ən qısa zaman kəsiyində gördüyü işlərin necə qiymətləndirilməsi də hayların gözlərini az qala kor edir. İndi də Zəngəzur dəhlizi ilə bağlı məsələlər artıq erməni cəmiyyətinin bir növ, kürkünə birə salıb. Bir müddətdir ki, erməni əsilli politoloqlar, siyasətçilər ortaya atılıblar və həmin dəhlizlə bağlı ağzıgöyçəklər ağıllarına gələni danışmaqdan çəkinmirlər. Kor tutduğunu buraxmayan kimi, elə əvəldən də Ermənistanın hazırki hakimiyyətini, Paşinyan komandasını günahkar görməkdə davam edirlər. Ermənistanın baş naziri də dəfələrlə təkrar edir ki, onun özü olmasaydı da belə hadisələri başqa məcrada təsəvvür belə etmək mümkün deyildi və nəticə qətiyyən fərqli ola bilməzdi. Bu mənada erməni baş nazir Nikol Paşinyanı haqlı hesab etmək olar, çünki onun özü olmasaydı belə, Azərbaycan öz ərazilərini, öz torpaqlarını pay verəcək deyildi. Guya bu həqiqəti təkcə Paşinyan və onun komandası başa düşür? Xeyr, ermənilərin əksəriyyəti başa düşür. Amma nə başa düşdüyünü etiraf edir, nə də bununla razılaşa bilir. Yenə də gözünə hansısa ərazilər yağlı tikə misalında məhz ilğım kimi görünür, sadəcə, gördüklərini etiraf belə etməyə çəsarət edə bilmirlər...

Bir halda ki, işğal etdikləri ərazilər artıq haylar üçün əlçatmaz olub və bu barədə düşünmələrinin də mənasızlığı bir aksiom olaraq görülür, o zaman indi ağıllarından keçən nədir? Məsələ burasındadır ki, haylar bu mərhələdə danışıqlar zamanı hansısa üstünlük xülyasına düşüblər. Bu rakursda da, məhz danışıqlar prizmasında da öz baş nazirlərinin, ümumiyyətlə, Ermənistan hakimiyyətində təmsil olunan komandanın uduzduğunu iddia edərək, bunu həzm etmədiklərini hayların bir qismi, xüsusən müxalifət düşərgəsində təmsil olunanları açıq-aşkar bildirirlər. Hətta onu da bildirirlər ki, guya Nikol Paşinyan və onun komandası olmasa, başqa bir hakimiyyət olsa, o zaman danışıqlar heç də belə olmaz. Bax elə gözlərinə görünən ən böyük ilğım da məhz budur.

Soruşmaq ayıb olmasın, haylar hansı əsasa düşünürlər ki, Paşinyan deyil, qeyri biri, tamamilə başqası hakimiyyətə gəlsə, danışıqların heç olmasa ruhu dəyişə bilər? Bu axı hansı məntiqə sığışır? Hansı əsasa bunu deyə bilirlər? Guya ki, başqası hansısa sehrli qüvvəyə sahibdir, yoxsa, hansısa sehrli çubuğun hesabına vəziyyəti dəyişə bilər bəlkə? Çox bəsit düşüncədir desək, tam şəkildə ifadə edəcəyimizə qətiyyən inanmıram. Bunun adı elə axmaqlıqdır desək, daha doğru səslənmiş olar. Səbəb də bəllidir ki, niyə axmaqlıq olar. Hər halda, axmaqların başlarında buynuz, arxalarında quyruq təsəvvür edən yoxdur və axmaq elə beləsinə deyərlər. Özü də bu axmaqların məhz axmaqlığı o həddə çatıb ki, gözlərinə nə isə də görünür və məhz buna elə bir ilğım deməkdə hesab edirəm, yanılmırıq...

Tutaq ki, hayların arzuladıqları hərhansı biri Nikol Paşinyanın yerinə gəldi, eynən onun özündən əvvəlkini devirdiyi kimi, onu da hakimiyyətdən uzaqlaşdırdı və yerində də oturdu. Görəsən, nə dəyişəcək ki, bununla? Məgər Paşinyanın kürsüsündə oturacaq kimsənin hadisələri dəyişmək kimi bir potensialı, daha doğrusu imkanı və seçimi belə varmı? Əlbəttə ki, yoxdur. Lap elə həmin o bağıra-bağıra Ermənistan küçələrini gəzənlərin hərhansı birini ermənilər baş nazir təyin etsələr, nə dəyişə bilər? Kimsənin mövcud reallıqları dəyişmək şansı belə varmı? Əlbəttə ki, yoxdur. Ola da bilməz. Ermənistan qalib ölkə deyil, iqtisadi qüdrətə sahib olan, bununla da söz sahibi olan bir dövlər deyil və bu ölkənin istənilən rəhbəri danışıqlar masasında da güclü tərəf kimi çıxış etmək kimi bir xəyala da düşə bilməz. Bax elə əsl reallıq budur. Qalan nə varsa, bunlar erməni xəyallarıdır. Əgər haylar bu gün elə hesab edirlərsə ki, kimsə Paşinyanı əvəz etdikdən sonra danışıqlar masasında bir addım qabağa düşə bilərlər, deməli, bərk yanılırlar. Hardasa uzaqda, yaxud, yaxında hansısa birinin hakimiyyəti altında özlərini fərli müstəvidə görürlərsə, deməli, gözlərinə yenə nə isə real olmayan bir şey görünməyə başlayıb. Bütün sadalananların fonunda, məhz elə gördüklərinə də, gözlərinə görünənə də başqa bir şey yox, ancaq ilğım adı vermək olar. Bəli, seçkilərlə bağlı, dəyişikliklə bağlı, ümumiyyətlə, mənasız və gülünc olan arzuları, istəkləri ilə bağlı gözlərinə görünən başqa bir şey yox, elə ilğımdır...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə