Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.
Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.
Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı paradda çıxış etdi.
-Əziz hərbçilər.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Mən Sizi və bütün Azərbaycan xalqını şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram.
Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür.
Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür.
Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bu gün bizimlə bərabər olmaları bir daha birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir, etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək.
Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı.
Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir.
Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir.
Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər.
44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik.
Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır.
Mən bütün Azərbaycan xalqını şanlı Zəfərimiz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!
X X X
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
-Əziz Qardaşım, Prezident cənab İlham Əliyev.
Pakistanın Baş naziri cənab Şahbaz Şərif.
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti.
Azərbaycanlı qardaşlarım.
Sizləri ən səmimi hisslərimlə, hörmət və sevgi ilə salamlayıram.
Zəfər Günümüzün beşinci ildönümündə sizinlə bərabər olmaqdan böyük xoşbəxtlik duyuram. İlham Əliyev qardaşıma zərif dəvətinə görə təşəkkürlərimi bildirirəm. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi sevgilərini gətirdim.
Bu qürur günümüzdə inanıram ki, hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşqunu yaşayır. Zəfərimiz mübarək olsun! Allah Azərbaycanı və Türk dünyasını neçə belə Zəfərlərə qovuşdursun! Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm.
Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizi - Azərbaycanın igid övladlarını bir daha rəhmətlə yad edirəm. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını, inşallah, cənnət etsin.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə təsvir edirdi:
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin.
Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm.
İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır.
Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır.
Bilirsiniz ki, əslən qarabağlı olan böyük bir şairimizi 45 gün əvvəl haqq dünyasına yola saldıq. Mərhum Yavuz Bülent Bakiler Qarabağ həsrətini bu misralarla dilə gətirmişdi:
Torpağına bayraqlarla girə bilərəm,
Qara sevdalılar kimi həsrətəm Qarabağa.
Uğrunda ölə bilərəm.
Bir gün bitərsə hər şey Qarabağı görmədən.
İstəmərəm orkestr, böyük əklillər.
Allahım, ruhuma bir az sükun ver.
Üstümə oxunmuş bir ovuc müqəddəs
Qarabağ torpağından sərpilsə yetər.
İllərlə şairlər Qarabağ üçün həsrət dolu belə şeirlər yazmışlar. İlham qardaşımın qətiyyətli liderliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək könüllərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında əmin-amanlıq, inkişaf, sülh, rifah və azadlıq var. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da güclənməkdə davam edəcək.
Əziz dostlarım, hörmətli qonaqlar, Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı. Eyni zamanda, bölgəmizdə yeni bir dövrün qapılarını açdı. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik. Bunu da burada xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülh məsələsində son dərəcə ümidvarıq, nikbinik. İlham Əliyev qardaşımın davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi fəaliyyəti təqdir edirik. Ermənistanın Baş naziri cənab Paşinyanın da bu yolda atdığı cəsur addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv mövqeyi ilə bölgədə əmin-amanlığı və sülhü bərqərar edəcək davamlı bir müqavilə ilə nəticələnəcək.
Türkiyə olaraq bu məsələdə üzərimizə nə düşürsə, inşallah, bunu etməkdə davam edəcəyik. Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk.
Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarının artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram.
Əziz qardaşlarım, Azərbaycan Qarabağ başda olmaqla bölgənin bərpasında və yenidən qurulması, xalqın təhlükəsiz şəkildə geri qayıtması, yox edilən mədəni və dini mirasın bərpası üçün böyük səylər göstərir. Qarabağa İlham qardaşımla birlikdə, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin də bir qismində iştirak etdiyi səfərlərimiz oldu. Zəfərdən sonra Qarabağın bütün ərazisində yaşanan inkişaf və investisiya səfərbərliyinə bilavasitə şahid oldum. Hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmir yollarını, evləri, yüksələn binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. İlham qardaşımın liderliyi ilə Can Azərbaycanın nələrə qadir olduğuna yaxından şahid oldum. Bir daha “Maşallah!”, “Bərəkallah!” deyirəm. Təbii ki, bizim gördüklərimiz, sadəcə, bir başlanğıcdır. İnşallah, bunların davamı da gələcəkdir. Qarabağ möhtəşəm gözəlliyi ilə bölgənin yenidən parlayan ulduzu olacaq. Bu prosesdə biz də Azərbaycana hər cür lazımi dəstəyi verəcəyik.
Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk. Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm.
“Rəbbim yar və yardımçınız olsun!” deyirəm. Bu düşüncələrlə Vətən müharibəsində al qanları ilə torpağı sulayan əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimi bildirirəm.
Eynilə, 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusən şöhrəti ilə ün salmış şəhid Ənvər Paşanı və qardaşı Nuri Killigil Paşanı bir daha ehtiramla yad edirəm. Fürsətdən istifadə edərək 9 Noyabr – Dövlət Bayrağı Gününüzü də ürəkdən təbrik edirəm. Hamınızı ən səmimi hisslərimlə salamlayıram. Sağ olun, var olun, Allaha əmanət olun!
x x x
Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi.
-Mənim əziz qardaşım, Prezident İlham Əliyev.
Mənim əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan.
Əziz qardaşım, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx həzrətləri Əl Məktum.
Azərbaycan Silahlı Qüvvələrin qəhrəman şəxsi heyəti.
Azərbaycanlı qardaş və bacılar.
Hörmətli rəsmilər, xanımlar və cənablar.
Salaməleyküm, günortanız xeyir olsun.
Əziz qardaşım Prezident İlham Əliyevə belə bir sevinc dolu münasibətlə mənə etdiyi nəzakətli dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Pakistan xalqının səmimi salamlarını azərbaycanlı qardaş və bacılarına çatdırıram. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin beşinci ildönümünü qeyd edirik.
Xanımlar və cənablar, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər.
Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan “JF-17 İldırım” qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir.
Xanımlar və cənablar, bu il avqustun 14-də Hindistanla dördgünlük mübarizədə tarixi zəfərimizi – Maarka-e-Haqqı qeyd etmək məqsədilə sürəkli alqışlarla İslamabadda Pakistanın Silahlı Qüvvələri ilə birlikdə fərəh hissi ilə marş altında keçən Azərbaycan və Türkiyənin hərbi kontingentləri yadıma düşür. Bu gün ürəyim fəxarət hissi ilə dolur.
Xanımlar və cənablar, çünki mən böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını burada görürəm. Uşaqlıq xatirələrim göz önünə gəlir. O zaman, mərhum atam 1947-ci ildə Pakistanın yaranması ilə nəticələnmiş ulu babalarımızın tarixini mənə söylədi. Bu gün sizin təbəssümlü simanızı və sevinc dolu gözlərinizi gördükdə uşaqlığın o əziz xatirələri bir daha qəlbimdə canlanır.
Xanımlar və cənablar, azadlıq mübarizəmizdə işıq saçan mayakımız, milli şairimiz Allama Məhəmməd İqbal şeirində yazırdı:
“Birlik qarşısında dayanır nə qılınc, nə strategiya!
İnamın alovu zəifləyəndə isə, bu birliyin bütün telləri titrəyir!”.
Mən bu misraları indi ingilis dilində söyləyirəm. İqbal öz tarixi şeirində bu misraları bu cür yazmışdır. Bu cür dəyərli misralar bizə xatırladır ki, azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır, çünki onlar qəhrəman mücadiləsinə həvəs verir.
Xanımlar və cənablar, beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq.
Hörmətli qonaqlar, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu.
Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu. Feldmarşal Səyid Asim Munirin dinamik və qorxmaz rəhbərliyi ilə Pakistanın olduqca peşəkar Silahlı Qüvvələri düşmənin burnunu ovdu, düşməni şoka və qorxuya salan sərrast və çox tutarlı hərbi zərbələr endirdi.
Hava Qüvvələri Marşalı Zahir Bəbir Sidhunun bacarıqlı komandanlığı altında Vətənin müdafiəsi üçün səmaya qalxan və hər zaman ayıq-sayıq olan şahinlərimiz düşmənin çox müasir yeddi təyyarəsini ildırım sürəti ilə sıradan çıxartdılar.
Əslində, Pakistan azərbaycanlı və türkiyəli qardaşları kimi, sülhə çalışır, lakin heç kəsdə şübhə belə qoymur ki, kimsə qarşımıza çıxsın, suverenliyimizə hücum çəksin, yaxud ərazi bütövlüyümüzü şübhə altına alsın.
Xanımlar və cənablar, bu gün keçmişimizi xatırlamaqla bərabər, gələcəyimizə də böyük ümid və arzularla baxırıq. Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək çox ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan güclü şəxsi sadiqliyinizin böyük rəmzidir.
Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır. Həmçinin inkişafın ən uğurlu modellərindən biri bu gün Türkiyədə görünür və onun memarı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğandan başqa kim ola bilər?! Bütün qonaqlarla yanaşı, bu gözəl mərasimdə Türkiyəni müasir, aparıcı, strateji və iqtisadi gücə çevirən onun uzaqgörən rəhbərinə böyük iftixarla baxdığımı qeyd etməliyəm.
Xanımlar və cənablar, əsl qələbə təkcə döyüş meydanında deyil, eləcə də sülh və anlaşma körpülərinin salınmasındadır.
Əziz qardaşım Prezident İlham Əliyev, Azərbaycan ilə Ermənistan arasında ləyaqət və qarşılıqlı hörmətə əsaslanan sülhə aparan çətin yolda Azərbaycanı istiqamətləndirərək, Sizin müdrik rəhbərliyiniz mənə böyük təəssürat bağışlayır.
Qarabağda möhtəşəm hərbi Qələbəni qazandıqdan sonra, cənab Prezident, Siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. Burada mən həmin sülh üçün uğur gətirmiş nümunəvi rəhbərlik keyfiyyətlərinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürümü bildirməliyəm. Məhz Prezident Trampın qətiyyətli və həlledici rəhbərliyi ilə Pakistanla Hindistan arasında atəşkəs əldə olundu, əsas müharibəyə imkan verilmədi və milyonlarla insanın həyatını xilas edərək Cənubi Asiyada sülh bərpa olundu.
Xanımlar və cənablar, sülhə olan ümumi qətiyyətimiz bu yaxınlarda Əfqanıstanla olan hadisələrdə sınaqdan keçdi. Mən əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, Qətər dövlətinin iştirakı ilə baş tutdu. Bu, həm çətin, həm də asan anlarda çiyin-çiyinə dayanan ölkələrimiz arasında güclü, sınaqdan keçmiş qardaşlıq əlaqələrinin əsl təzahürüdür.
Xanımlar və cənablar, bu gün Zəfəri qeyd etdiyimiz bir vaxtda, biz, həmçinin şəhidləri yad etməliyik. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmış şəhidlərə Allah rəhmət eləsin. Onların cəsarəti, qüvvəsi və verdiyi qurbanlar xalqınızın tarixində və yaddaşında qalan fəsli yazdı. Bu gün cəsur oğul və qızlarımızın qanı və canı sayəsində azad olmuş zəngin Qarabağ torpaqlarında gözəl xarıbülbül yenə çiçək açır və sülh ümidi gətirir.
Qoy, Uca Allah tərəqqi və firavanlıq dolu gələcəyə doğru qətiyyətlə addımlayan böyük xalqlarımıza qüvvə versin.
Yaşasın Pakistan-Azərbaycan dostluğu!
Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu!
Sağ olun.
x x x
Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı.
Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirildi.
Sonra Xüsusi Təyinatlı Qüvvələrin parad heyətləri tribuna qarşısından keçdilər. Parad heyətlərinə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov rəhbərlik edirdi.
Ardınca "Qarabağ" ordenli polkovnik Zamiq Əmirov, "Azərbaycan Bayrağı” ordenli polkovniklər Çingiz Əliyev, Mərdan Musayev və Vətən Müharibəsi Qəhrəmanı polkovnik İlqar Orucovun başçılıq etdikləri parad heyətləri tribunanın önündən keçdilər.
Hərbi paradda Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbçiləri də iştirak etdilər. İki kolondan ibarət parad heyətinə polkovnik-leytenant Uğur Alan rəhbərlik edirdi.
İlk dəfə olaraq paytaxt Bakının Azadlıq meydanında Pakistan İslam Respublikası Ordusunun mayoru Saqib Alamın başçılıq etdiyi parad heyəti mətin addımlarla tribunanın qarşısından keçdi.
Quru Qoşunların bayrağı altında ordu korpuslarının tribuna önündən keçən parad heyətlərinə müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-polkovnik Hikmət Mirzəyev rəhbərlik edirdi.
Daha sonra "Qarabağ" ordenli polkovnik Teymur Məmmədovun başçılığı ilə Birinci Ordu korpusunun, "Rəşadət" ordenli general-mayor Vilayət Quliyevin rəhbərliyi ilə İkinci Ordu korpusunun, "Azərbaycan Bayrağı" ordenli general-mayor Bilal Çompuzovun başçılığı ilə Üçüncü Ordu korpusunun, "Vətənə xidmətə görə” ordenli general-mayor İdris Məhərrəmovun rəhbərliyi ilə Dördüncü Ordu korpusunun, "Zəfər" ordenli general-mayor Akif Pirverdiyevin başçılığı ilə Beşinci Ordu korpusunun, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Kənan Seyidovun rəhbərliyi ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tribuna qarşısından keçdilər.
"Azərbaycan Bayrağı" ordenli general-mayor Anar Hüseynovun başçılığı ilə Hərbi Hava Qüvvələrinin parad heyəti, “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynovun rəhbərlik etdiyi İnsansız Sistem Qoşunlarının parad heyəti, "Hərbi Xidmətlərə görə" medallı Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Şahin Məmmədovun başçılıq etdiyi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin parad heyəti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Xaliq İbrahimovun rəhbərliyi ilə dəniz piyadalarından ibarət parad heyəti, "Vətənə xidmətə görə" ordenli 2-ci dərəcəli kapitan Sirac Siracovun başçılıq etdiyi dəniz xüsusi təyinatlılarından ibarət parad heyəti, "Vətənə xidmətə görə" ordenli polkovnik Aqil Cəbrayılovun rəhbərlik etdiyi Raket və Artilleriya Qoşunlarının parad heyəti Azadlıq meydanına daxil oldular.
Müdafiə Nazirliyi Hərbi Polisinin hərbi qulluqçuları "Vətənə xidmətə görə" ordenli general-mayor Elgün Əliyevin, Dövlət Sərhəd Xidmətinin 2 kolondan ibarət parad heyəti Vətən Müharibəsi Qəhrəmanı” general-leytenant İlham Mehdiyevin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı bölmələrinin 2 kolondan ibarət hərbi qulluqçuları "Vətənə xidmətə görə" ordenli general-mayor Tofiq Hüseynovun rəhbərliyi ilə mətin addımlarla tribunanın önündən keçdilər.
Sonra Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” və Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” xüsusi təyinatlılarından ibarət parad heyətləri tribunanın qarşısından addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə "Qarabağ" ordenli general-mayor Cabir Cəfərov başçılıq edirdi.
Dövlət Mühafizə Xidmətinin "Hərbi xidmətlərə görə" medallı polkovnik-leytenantı Eldar Quliyevin rəhbərlik etdiyi Milli Qvardiyanın parad heyəti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin "Şücaətə görə" medallı polkovniki Orxan Novruzovun başçılıq etdiyi parad heyəti, Fövqəladə Hallar Nazirliyinin "Hərbi xidmətlərə görə" medallı polkovniki Xaliq Hüseynovun rəhbərlik etdiyi parad heyəti, Milli Müdafiə Universitetinin "Hərbi xidmətlərə görə" medallı rektoru general-mayor Gündüz Əbdülovun başçılıq etdiyi parad heyəti, Heydər Əliyev adına Hərbi İnstitutun "Qarabağ" ordenli general-mayoru Ümidvar Quliyevin rəhbərlik etdiyi parad heyəti, Bakı Hərbi Kollecinin “Vətən uğrunda" medallı polkovniki İntiqam Mirzəyevin başçılıq etdiyi parad heyəti, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun rəhbərlik etdiyi parad heyəti tribunanın önündən keçdilər.
X X X
Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Daha sonra hərbi texnikaların keçidi oldu.
Bundan sonra xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kolonu Azadlıq meydanına daxil oldu. Kolona “Vətən uğrunda” medalı ilə təltif edilmiş general-mayor Eldəniz Yəhyayev başçılıq edirdi.
Azadlıq meydanından keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan “SPIKE-ER”, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri, silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “SKİF” raket kompleksi, “BTR-82A” zirehli transportyorları, “PDM-3” Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirdi.
Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi oldu. Kolona “Vətən uğrunda” medalı ilə təltif olunmuş general-mayor Zaur Yusifli başçılıq edirdi. Tribuna önündən “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”, “İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raket komplekslərinin keçidi oldu. Ardınca silahlanmaya yeni qəbul edilmiş Yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” Uzaqmənzilli zenit-raket kompleksi nümayiş olundu.
Sonra İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları və digər insansız vasitələri təqdim edildi. Kolona “Azərbaycan Bayrağı” ordenli general-mayor İlqar Qafarov başçılıq edirdi. Azadlıq meydanına üzərində “Orbiter-1KM” zərbə pilotsuz uçuş aparatları, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat pilotsuz uçuş aparatları, “Aerostar” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Bayraktar-TB2” silahlı kəşfiyyat pilotsuz uçuş aparatı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120”, “Sky Striker” sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Harop” zərbə pilotsuz uçuş aparatları, “Hermes-450” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirilmiş “Marauder” və “Matador” tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri daxil oldu.
Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil oldu. Kolona “Zəfər” ordenli general-leytenant Ağamir Sultanov başçılıq edirdi. Meydanda 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu və artilleriya qurğuları - 122 millimetrlik “Qvozdika”, 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “MSTA-S”, 203 millimetrlik “Pion”, həmçinin 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tankəleyhinə “Xrizantema-S” kompleksləri, “DANA” özüyeriyən artilleriya sistemi, 155 millimetrlik uzaqmənzilli “NORA” və 155 millimetrlik uzaqmənzilli “DİTA” özüyeriyən artilleriya sistemləri, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” idarəolunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, “Qasırğa” taktiki raket kompleksi, 300 millimetrlik uzaqmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “Ekstra” taktiki raket kompleksi, 306 millimetrlik “Polonez” əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” əməliyyat taktiki raket kompleksi, beşinci nəsil İCEBREAKER qanadlı raket kompleksi və “LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi oldu.
X X X
Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu. “Akıncı” pilotsuz uçuş aparatı Bakı səmasında, Azadlıq meydanı üzərində 900-1500 metr hündürlükdə dövrə vuraraq çəkilişlər apardı.
Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyan “Mİ-17” döyüş-nəqliyyat helikopterləri üçlüyünə Vətən Müharibəsi qəhrəmanları – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və polkovnik Rəşad Nadirov başçılıq edirdi. “Qarabağ” ordenli general-mayor Zaur Rüstəmovun başçılığı ilə “Mİ-17” helikopteri isə Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirdi.
Paytaxt səmasında təntənəli aviasiya nümayişləri davam etdi. Əvvəlcə polkovnik-leytenant Ziya Əliyevin başçılıq etdiyi uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş “Mİ-17” döyüş-nəqliyyat helikopterləri beşliyi klin düzülüşündə Azadlıq meydanının üzərindən keçdi. Növbəti mərhələdə “Mİ-17” döyüş-nəqliyyat helikopterlərinin beşliyi klin düzülüşündə uçaraq tamaşaçılara heyranedici anlar yaşatdı. Bu beşliyə “Vətənə xidmətə görə” ordenli polkovnik-leytenant Sabit Hüseynov rəhbərlik edirdi.
Daha sonra polkovnik-leytenant Aslan Ramazanovun başçılığı ilə “MFİ-17” təlim təyyarələrinin beşliyi səmada dövrə vurdu. Ardınca “L-39” təlim təyyarələrinin beşliyi klin düzülüşündə nümayişini davam etdirdi. Qrupun rəhbəri “Vətənə xidmətə görə” ordenli polkovnik Əliyar Əsgərov idi. “İL-76” hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş “C-27J” yük təyyarələrindən ibarət üçlüyü polkovnik-leytenant Zəfər Fərhadov, “Rəşadət” ordenli polkovnik Ruslan Ələkbərov və “Qarabağ” ordenli polkovnik Vüqar Salahov idarə etdilər. Silahlanmaya yeni daxil olan “JF-17” çoxməqsədli qırıcı təyyarələrinin beşliyi də klin düzülüşündə nümayişini davam etdirdi. Qrupa “Vətənə xidmətə görə” ordenli polkovnik Novruz Tahirov başçılıq edirdi. Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən “F-16” çoxməqsədli qırıcı təyyarələr beşliyi Bakı səmasında peşəkar uçuş nümayiş etdirdi. Beşliyə Albay Nevzat Oflamaz başçılıq edirdi. Təkmilləşdirilmiş “SU-25-Laçın” hücum təyyarələri beşliyinin başçısı “Qarabağ” ordenli general-mayor Həsən Əlövsədov, 2-ci pilotu isə “Vətənə xidmətə görə” ordenli polkovnik Anar Həsənov idi. Sonuncu - Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini paytaxt səmasında canlandıran “SU-25” hücum təyyarələri qrupuna “Vətənə xidmətə görə” ordenli polkovnik Ruslan Məmmədrzayev başçılıq edirdi.
Bununla da Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi parad başa çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Dario Vitale Versace-dən ayrılıb…
Mədəniyyət 03:48Pantone-un 2026-cı ilin rəngi neytral ağdır...
Mədəniyyət 02:41Tesla-dan daha ucuz...
Texnologiya 01:43Qocalıqda mükəmməl yaddaşı necə qorumaq olar?
Maraqlı 01:18Avtomobil şüşələrindən köhnə stikerləri cızmadan necə təmizləmək olar?
Texnologiya 00:56“Mən amma dəryada idim, mən onda röyada idim…”
Dünya 00:25Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşüb.
Siyasət 00:16Ceyhun Bayramov norveçli həmkarı ilə görüşüb
Siyasət 00:02Ford şirkəti Mustang-ın 800 at gücündə modifikasiyasını təqdim etdi…
Texnologiya 4 Dekabr 23:54İdman şişlərdən enerji “oğurlayır”...
Səhiyyə 4 Dekabr 23:45Ledi Qaqa ən sevdiyi ətri açıqladı...
Şou-Biznes 4 Dekabr 23:36Dərman qəbul etmədən qan təzyiqini necə aşağı salmaq olar..?
Səhiyyə 4 Dekabr 23:25Misir "Orlom" sistemi ilə təchiz olunmuş pilotsuz qayığı təqdim etdi...
Dünya 4 Dekabr 23:14Türkiyədə 1,5 ay əvvəl itkin düşən rusiyalı qadın və uşağı tapılıb...
Dünya 4 Dekabr 23:05Alimlər: “Gözəllik beyin resurslarını xilas edir...”
Maraqlı 4 Dekabr 22:54Sürücüsüz kamp mikroavtobusu ideyası internetdə fırtına ilə ələ keçib...
Texnologiya 4 Dekabr 22:45Rusiyada avtomobil satışları təxminən dörddə bir azalıb...
Dünya 4 Dekabr 22:36Salyanda yük maşını qoyun sürüsünü vurub...
Hadisə 4 Dekabr 22:31Boşandıqdan iki ay sonra yenidən birlikdədirlər..?
Şou-Biznes 4 Dekabr 22:25Fransada iki nəfərin MERS virusuna yoluxduğu aşkarlanıb
Dünya 4 Dekabr 22:22Belarusda yeni avtomobil brendi olan Zubr təqdim edilib?..
Dünya 4 Dekabr 22:14Qazaxıstan Rusiya neftinin Çinə tranzitini dayandıra bilər…
Dünya 4 Dekabr 22:05Alimlər Marsda maraqlı bir kəşf etdilər..
Texnologiya 4 Dekabr 21:53“Təhlükəli ssenarilərin icrasında milli satqınlardan məharətlə istifadə olunub“ - MƏQALƏ
Siyasət 4 Dekabr 21:481/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
İdman 4 Dekabr 21:48ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən artıb...
Dünya 4 Dekabr 21:45“The New York Times”: Putin təzyiq hiss edir...
Dünya 4 Dekabr 21:34Ukraynalılar Rusiyaya qarşı edilən güzəştlərə etiraz etməyə hazırdır...
Dünya 4 Dekabr 21:25Ruslar kütləvi şəkildə “ekonom” etməyə başlayırlar...
Dünya 4 Dekabr 21:14Sorğu rusların İslam bankçılığına olan yüksək marağını təsdiqlədi...
Dünya 4 Dekabr 21:05"Əsas çirklənmə mənbəyi nəqliyyat və karxanalardır" - EKOLOQ DANIŞDI
Sosial 4 Dekabr 20:59Rusiya neftinin qiyməti kəskin şəkildə aşağı düşüb...
Dünya 4 Dekabr 20:54İki yeni ölkə Ukrayna üçün Amerika silahları alacaq...
Dünya 4 Dekabr 20:45ABŞ-da bayraqlar yarıya qədər endirilib
Dünya 4 Dekabr 20:38Böyük bir piton da toya “gəlibmiş..?
Maraqlı 4 Dekabr 20:34Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 4 Dekabr 20:30Qəlyan çəkmək xərçəng riskini beş dəfə artırır...
Səhiyyə 4 Dekabr 20:25Rusiya qaçırılan ukraynalı uşaqları Şimali Koreyaya göndərib..?
Dünya 4 Dekabr 20:14Kansler Fridrix Merts Prezident İlham Əliyevə zəng edib
Siyasət 4 Dekabr 20:11Putini təslim olmağa məcbur etməyin yalnız bir yolu var…
Dünya 4 Dekabr 20:05Kosmosdakı həyatın açarı...
Texnologiya 4 Dekabr 19:54Putin ABŞ-ın “sülh planı”nın bəzi müddəalarını rədd etdiyini etiraf etdi...
Dünya 4 Dekabr 19:45Yatarkən arıqlayın...
Səhiyyə 4 Dekabr 19:36Körpəsini atan ana, vərəqədə ona baxa bilmədiyini yazıb...
Dünya 4 Dekabr 19:23Gürcüstan parlamentinin deputatları ilə görüş...
Sosial 4 Dekabr 19:19Ukrayna sülh planına əfv daxil edilə bilməz…
Dünya 4 Dekabr 19:14Dr.Bəhruz Xalıqov “Sənin seçimin” proqramında iştirak edib
Səhiyyə 4 Dekabr 19:11Özünü əsl amerikalı kimi göstərmək üçün İslamofobiyaya əl atıb…
Dünya 4 Dekabr 19:05"Putin Ukraynanın müdafiəsini "maliyyələşdirməlidir""..?
Dünya 4 Dekabr 18:53Rusiya Kiyevin danışıq aparan şəxsinin kimliyinə əhəmiyyət vermir...
Dünya 4 Dekabr 18:44Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb...
Dünya 4 Dekabr 18:34Dnestryanının yenidən inteqrasiyası üçün plan hazırlanır...
Dünya 4 Dekabr 18:25Şuşakəndin yeni nəfəsi - Əhliyət Abbasovun hekayəsi
Sosial 4 Dekabr 18:18Rusiya MiQ-35 qırıcısının fiaskosu...
Dünya 4 Dekabr 18:14Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb
İdman 4 Dekabr 18:07Putin Hindistana gəlib...
Dünya 4 Dekabr 18:03Füzulidə 22 hektarlıq Mərkəzi park salınacaq...
Sosial 4 Dekabr 18:00Bütün təzyiqlərə rəğmən - MƏQALƏ
Siyasət 4 Dekabr 17:59Business Insider: Kremlin pulu tükənir...
Dünya 4 Dekabr 17:54Ərzaq səbətində ən çox bahalaşan məhsullar... - ARAŞDIRMA
Sosial 4 Dekabr 17:51Özəl klinikaların qiymət siyasəti niyə dəyişir ?! - QURUMDAN AÇIQLAMA
Səhiyyə 4 Dekabr 17:47Neftçalada ilk dəfə Balıq festivalı keçirilib
Sosial 4 Dekabr 17:44Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılıb - FOTOLAR
İqtisadiyyat 4 Dekabr 17:35Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdədir
Təhsil 4 Dekabr 17:33İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
Mədəniyyət 4 Dekabr 17:32“Müstəqil və güclü Azərbaycan Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
Siyasət 4 Dekabr 17:27“Yeni Rəqabət Məcəlləsinin tətbiqi” mövzusunda müzakirələr aparılıb
İqtisadiyyat 4 Dekabr 17:15Azərbaycan və Latviya arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi imzalanıb
Səhiyyə 4 Dekabr 17:11UWW Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirib
İdman 4 Dekabr 17:09Kişilərə 14 günlük məzuniyyət niyə verilir ? - SOSİOLOQ AÇIQLADI
Sosial 4 Dekabr 17:05"Sülh mümkündür, etibar çətindir" - ŞƏRH
Siyasət 4 Dekabr 17:00Uşağın qulağı nə qədər müddətdən sonra dəlinməlidir ? - HƏKİM AÇIQLADI
Səhiyyə 4 Dekabr 16:58Oyunlar uşaqların psixologiyasına necə təsir edir ? - PSİXOLOQ AÇIQLADI
Sosial 4 Dekabr 16:50Gələcəkdə kriptovalyutaların rolu - təhlükə, yoxsa fürsətdir ? - EKSPERT
İqtisadiyyat 4 Dekabr 16:46"ABŞ və Çin arasındakı geosiyasi münaqişənin bir hissəsi də texnoloji müharibədir" - MÖVQE
Siyasət 4 Dekabr 16:34Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur
Sosial 4 Dekabr 16:18Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb
Siyasət 4 Dekabr 16:13"Moskva postsovet məkanını yenidən nəzarətə almaq istəyir" - ŞƏRH
Siyasət 4 Dekabr 16:13"Azərbaycan mətbəxi sağlamlığa xidmət edir" - EKSPERT AÇIQLADI
Sosial 4 Dekabr 16:01Meyit donordan böyrək köçürülmüş pasiyent Könül Paşayevanın təşəkkür rəyi
Səhiyyə 4 Dekabr 15:572025 - “Böyük Qayıdış” üçün olduqca vacib il kimi yadda qalır... - ŞƏRH EDİLDİ
Siyasət 4 Dekabr 15:49"Ramiz Mehdiyevin dövlətçiliyə zidd fəaliyyəti ifşa olundu" - ŞƏRH EDİLDİ
Siyasət 4 Dekabr 15:31Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib
İqtisadiyyat 4 Dekabr 15:26Allergiya analizləri niyə bahadır ? - ARAŞDIRMA
Səhiyyə 4 Dekabr 15:25“Vaşinqton–Moskva dialoqu: Atəşkəs perspektivləri hələ də uzaqda görünür” - ŞƏRH EDİLDİ
Siyasət 4 Dekabr 15:25Çempionlar Liqası: “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarılıb
İdman 4 Dekabr 15:23Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub - YENİLƏNİB/FOTOLAR
Sosial 4 Dekabr 15:19Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində
Sosial 4 Dekabr 15:17Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək
Sosial 4 Dekabr 15:12Elnarə Akimova sağlamlıq imkanları məhdud şəxsləri ziyarət etdi
Sosial 4 Dekabr 15:07Poçtalyon Makron - RAKURS
Siyasət 4 Dekabr 15:00Maddi çətinliklər ailə münasibətlərini necə pozur ? - ARAŞDIRMA
Sosial 4 Dekabr 14:58Özəl xəbərlər
Digər xəbərlər“Təhlükəli ssenarilərin icrasında milli satqınlardan məharətlə istifadə olunub“ - MƏQALƏ
Siyasət 4 Dekabr 21:48"Əsas çirklənmə mənbəyi nəqliyyat və karxanalardır" - EKOLOQ DANIŞDI
Sosial 4 Dekabr 20:59Ərzaq səbətində ən çox bahalaşan məhsullar... - ARAŞDIRMA
Sosial 4 Dekabr 17:51Özəl klinikaların qiymət siyasəti niyə dəyişir ?! - QURUMDAN AÇIQLAMA
Səhiyyə 4 Dekabr 17:47“Müstəqil və güclü Azərbaycan Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
Siyasət 4 Dekabr 17:27
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9817
+0,13%
-
GBP
2,2664
+0,75%
-
RUB
2,2074
+0,56%
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;

.jpg)

