"Tarixi Qələbə Azərbaycanın Konstitusiya suverenliyini tam bərpa etdi" - ŞƏRH EDİLDİ

“Azərbaycan dövlətçiliyinin möhkəm hüquqi təməlləri, demokratik dəyərlərə sadiqliyinin əsas göstəricisi olan Konstitusiya xalqımızın azad iradəsinin ifadəsidir. 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, hüquqi və ictimai həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu mühüm sənəd dövlət quruculuğu prosesini sistemli şəkildə müəyyən edərək insan hüquq və azadlıqlarının təminatına, qanunun aliliyinə və vətəndaş cəmiyyətinin inkişafına möhkəm zəmin yaratdı. 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Hər il qeyd olunan Konstitusiya Günü müstəqil Azərbaycanın hüquqi dövlət kimi inkişaf yolunu, milli dövlətçilik ənənələrimizin davamlılığını və gələcəyə inamını bir daha təsdiqləyir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoyaraq bu prosesə möhkəm hüquqi baza yaratmış, onun inkişafına güclü təkan vermişdir: “Konstitusiya hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyən etmiş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə ali vəzifə kimi qoymuşdur. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ölkəmizin isə tarixdə dördüncü Konstitusiyasıdır. Azərbaycan Respublikasının konstitusiya tarixinin başlanğıcı SSRİ dövrünə təsadüf edir. İlk Konstitusiya 1921-ci il mayın 19-da qəbul edilmiş, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də təsdiqlənmişdir. Daha sonra 1978-ci il aprelin 21-də yeni Konstitusiya qəbul olunmuş, lakin əvvəlkilərdə olduğu kimi bu sənəd də SSRİ Konstitusiyasının tələblərinə uyğunlaşdırılmışdır.

Deputat bildirib ki, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya xalqımızın inkişafı naminə müasir, müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi reallaşdırdı. Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: «Bu Konstitusiyanın ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir".

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Dövlət başçımız qeyd etmişdir ki, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.

K.Bayramov vurğulayıb ki, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini zəruri etdi. Belə ki, Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə güclü zəmin yaratmışdır.

K.Bayramov əlavə edib ki, Azərbaycanın Konstitusiyası müasir dövlət quruculuğu üçün tələb olunan bütün prinsipial məqamları özündə əks etdirir. Bu gün müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrü yaşayır. Elə konstitusiyamızda da təsbit olunmuş ərazi bütövlüyümüzün təmin edilməsi kimi ən vacib amil Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu tərəfindən təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərqərar oldu. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı. Vətən müharibəsi dövründə dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb, bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə təsdiq edilir. Sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə