"Konstitusiya dövlətçiliyin hüquqi bünövrəsidir" - ŞƏRH EDİLDİ

"Azərbaycan müstəqillik qazandıqdan sonra qarşısında duran əsas vəzifələrdən biri müstəqil dövlətin Konstitusiyasının qəbul olunması idi. Bu proses 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi, yəni referendum vasitəsilə həyata keçirildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, həmin dövrdə qəbul edilən Konstitusiya müasir demokratik prinsiplərə uyğun şəkildə hazırlanmış və dövlətin qarşısında duran tarixi çağırışları özündə əks etdirən mühüm hüquqi-siyasi sənəd idi: "Sənəddə dövlət quruluşu, insan və vətəndaş hüquq və azadlıqları, Azərbaycanın ərazi bütövlüyü, dövlət hakimiyyətinin təşkili prinsipləri, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin bölgüsü kimi fundamental məsələlər öz əksini tapmışdı. Bu Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını formalaşdırmaqla yanaşı, ölkənin gələcək inkişaf yolunun hüquqi çərçivəsini müəyyənləşdirdi.

Təbii ki, zaman keçdikcə dövlət idarəçiliyi və cəmiyyətin inkişaf dinamikası yeni tələblər meydana çıxarır. Bu səbəbdən Konstitusiyada da müəyyən dəyişikliklərin aparılması zərurəti yaranır. Məlum olduğu kimi, Konstitusiyada edilən dəyişikliklər yalnız referendum yolu ilə həyata keçirilir və bu, xalqın birbaşa iradəsinin təzahürü kimi böyük hüquqi və siyasi əhəmiyyət daşıyır. Çünki Konstitusiya sadəcə hüquqi sənəd deyil, o, həm də xalqın siyasi mövqeyini, dövlətə baxışını və gələcək inkişaf istiqamətləri ilə bağlı seçimlərini özündə ehtiva edir.

12 noyabr Konstitusiya Günü Azərbaycan xalqı üçün əlamətdar və qürurverici gündür. Bu gün bizim Ana Yasamızın qəbul olunduğu gündür. Konstitusiya dövlətin əsas dayağıdır, onun siyasi və hüquqi əsaslarını müəyyənləşdirir, dövlət hakimiyyətinin təşkili və fəaliyyətinin sərhədlərini müəyyən edir. Dövlətin idarəetmə forması, qanunların ruhu və cəmiyyətin hüquqi münasibətlər sistemi Konstitusiya əsasında formalaşır. Buna görə də Konstitusiyanın qorunması, ona hörmətlə yanaşılması və onun müddəalarının həyatda tətbiqi dövlətçilik şüurunun mühüm tərkib hissəsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə