“27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir gündür” - DEPUTAT ŞƏRH ETDİ

“27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir gündür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu düşmənin hücumuna cavab olaraq əks-hücum əməliyyatına başladı və Vətən müharibəsinin başlandığını elan etdi:

“Ali Baş Komandanın rəhbərliyi ilə şanlı və qəhrəman Ordumuzun uğurlu hərbi əməliyyatları böyük Zəfərimizin təməlini qoymuş oldu.

Tarix boyu xalqımızın bir çox uğurları, qələbələri olub. Lakin son bir neçə əsrə nəzər salsaq, 27 sentyabr günü Azərbaycanın ədalətli savaş yoluna çıxdığı, taleyinin dönüş nöqtəsinə qədəm qoyduğu gün kimi yadda qalır.

Vətən müharibəsi Azərbaycan xalqının qürurunu, mənliyini özünə qaytardı. Xalqımızı bir daha böyütdü, birləşdirdi. Biz dünyanın ən qürurlu, ən müzəffər xalqlarından birinə çevrildik. Ali Baş Komandan, cənab Prezident qlobal miqyasda ən qətiyyətli, ən nüfuzlu liderlər sırasında öz yerini möhkəmləndirdi.

Şanlı Ordumuzun əsgər və zabitləri bütün dünyaya qəhrəmanlıq dərsi keçdilər. Azərbaycan gənci Vətən müharibəsi dövründə Vətəni necə sevdiyini, onun uğrunda canından keçməyə hazır olduğunu sübut etdi.

Bu Qələbə bizim şanlı tariximizin parlaq səhifəsidir. Şəhidlərimiz bu zəfərin rəmzinə çevrildilər. Onlar artıq tarixi qəhrəmanlarımızdır. Onlar haqqında yazılan kitablar, oxunan mahnılar, çəkilən filmlər gələcək nəsillər üçün örnək olacaq. Onların keçdiyi həyat yolu hər birimiz üçün ibarətdir.

İnanırıq ki, zaman keçdikcə bu böyük Qələbənin dəyəri daha da artacaq. Biz 27 sentyabrdan başlanan bu Zəfər yolunu və bu tarixi dərindən öyrənərək, gələcək nəsillərə çatdıracağıq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə