“Forum Azərbaycanı regional və qlobal təhlükəsizlik şəbəkəsinin önəmli hissəsinə çevirir“ - ŞƏRH EDİLDİ
“III Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizlik çağırışlarının müzakirəsi, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və bölgələrarası təhlükəsizlik strukturlarının koordinasiyalı fəaliyyətinin gücləndirilməsi məqsədi ilə təşkil edilmişdir. Forumda müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək rütbəli nümayəndələri iştirak etmişdir. Forumun əsas məqsədi terror aktları, silahlı münaqişələr, humanitar böhranlar və texnogen fəlakətlər kimi mövzular ətrafında dialoq yaratmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Deputat bildirib ki, forumun ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət idi: “Dövlət başçısı müraciətində qlobal təhlükələrin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı və forumun institutlaşması və Katibliyin yaradılması təşəbbüsü ilə bu platformanın uzunmüddətli, strateji əməkdaşlıq mərkəzinə çevriləcəyini bəyan etdi.
Bu müraciət forumun yalnız müzakirələr üçün deyil, həm də real nəticələr əldə edə biləcək bir institut kimi fəaliyyət göstərəcəyini təsdiqlədi.
Forumun qəbul etdiyi qərarlar və ortaya qoyduğu təşəbbüslərin müxtəlif sahələri əhatə edən ictimai-siyasi və strateji əhəmiyyəti var. Azərbaycan coğrafi baxımdan Avrasiya nəqli və enerji dəhlizlərinin kəsişməsində yerləşir. Forum belə dəhlizlərin təhlükəsizliyini təmin etmək baxımından Azərbaycanı regional və qlobal təhlükəsizlik şəbəkəsinin önəmli hissəsinə çevirir. Dövlətimizin belə forumları keçirməsi onun beynəlxalq siyasətdə daha da fəal yer almasına, dövlətlər arasında etimad və əməkdaşlıq üzrə tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Forumda geniş müzakirə olunan məlumat mübadiləsi, birgə hazırlıqlar və strategiyaların işlənməsi ola biləcək fəlakətlərin və böhranların gözlənilən təsirini azalda bilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə Forumun Katibliyinin yaradılması bu tədbirin sistemli şəkildə aparılmasını və uzunmüddətli birgə layihələrin həyata keçirilməsini təmin edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə