Qarabağ və Şərqi Zəngəzur cənnətin bir parçasıdır!

Prezident İlham Əliyev: "Keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb"

Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilib. Atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Ölkəmiz nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada Azərbaycana olan maraq günü-gündən artır. Bu gün Azərbaycan artıq dünyada Zəfər qazanmış, Qalib bir ölkə olaraq da tanınır və bu Azərbaycan reallığıdır. 30 ilə yaxın bir zamanda işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordunun gücü ilə azad olundu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsi Zəfər tariximizi yazdı, həm də bu qələbə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi idi. BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini Azərbaycan icra etmiş oldu. İllərlə görülən işlər, həyata keçirilən tədbirlər artıq öz sözünü demişdir. 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətini həyata keçirmiş, xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş insanların qisası döyüş meydanında alındı. Hər gün müharibənin getdiyi ağır döyüşlərin nəticəsində qələbə soraqları alırdıq: işğaldan adad olunan kənd, qəsəbə və şəhərlər.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. İmzalanmış üçtərəfli Bəyanatla ölkəmizin qazandığı tarixi Qələbə bir daha təsdiqini tapdı. Ermənistan məğlubiyyət sənədinə imza ataraq, qısa zaman kəsiyində digər şəhər və rayonlarımızdan çıxması barədə öhdəlik götürdü. Beləliklə, uzun illər işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi.

44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanılmasından sonra azad olunan ərazilərdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində qeyd etdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb".

"Dəmir yumruğ"un gücünü görmüş ermənilər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. Azərbaycan Ordusunun Qarabağda başlatdığı 2023-cü ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Azərbaycan antiterror tədbirləri nəticəsində konstitusion quruluşunu bərpa etdi.

İndi artıq müharibədən beş ilə yaxın zaman ötür və Zəfər qazanmış Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, həyat yenidən qaynayır.

KƏND, QƏSƏBƏ VƏ ŞƏHƏRLƏRİMİZDƏ YENİ HƏYAT

Əlbəttə ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib. Fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanma böyük çətinliklər yaratmış oldu. Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə bu ərazilərdə yüz minlərlə mina yerləşdirilib və Ermənistan mina xəritələrini verməkdən imtina edib. Həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işləri, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə məhz minalanmış ərazilərdir.

Qısa bir zamanda Böyük Qayıdışın təntənəsi olaraq dövlət başçısının sərəncam və tapşırıqları ilə görülən işlər hər kəsin diqqətindədir. Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması və s. Bütün bunların nəticəsidir ki, artıq kənd, qəsəbə və şəhərlərimiz abadlaşır, insanlar əzəli torpağa qovuşurlar. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir.

İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verildi. Əlbəttə ki, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimizdə dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastruktur yenidən qurulacaq, bərpa və təmir olunur.

XOCALININ ŞUŞAKƏND KƏNDİNƏ İLK KÖÇ

Xocalının Şuşakənd kəndinə ilk köç oldu. "Böyük Qayıdış" proqramı çərçivəsində ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün qayıdıb. Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar. Bununla yanaşı, sosial obyektlərin fəaliyyətə başlaması üçün də zəruri şərait yaradılıb.

Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. Bildiyimiz kimi, Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Cənab Prezident bildirib ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın."

SOS KƏNDİNƏ 10 AİLƏ - 45 NƏFƏR KÖÇÜRÜLDÜ

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqrammı" davam etdirilir. Daha bir kös karvaın Xocavənd rayonunun Sos kəndinə çatıb. Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Sos kəndinə 10 ailə - 45 nəfər köçürüldü.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Hər şey göz önündədir - qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun".

Artıq Füzuli yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel isə yaxın aylarda hazır olacaq. "Murov dağının altındakı tunelin uzunluğu, - təkcə bir tunelin uzunluğu, - 11 min 700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib. İndi Ağdama qatarla rahat getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun da tikintisi yəqin ki, yaxın zamanlarda başlayacaq və çox mənzərəli bir vasitə olacaq. Eyni zamanda, bunun funksional tərəfi də çox önəmlidir - hər yerdə inşaat-quruculuq işləri, xəstəxanalar, evlər, yaşayış binaları", - deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir.

"BİZ BU TORPAQLAR ÜÇÜN O QƏDƏR DARIXMIŞIQ Kİ…"

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərimiz dağıdılmış, tarixi dini mədəniyyət ocaqlarımız xarabazarlığa çevrilmişdir. İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb.

Şərqi Zəngəzur və Qarabağa Böyük Qayıdış uğurla həyata keçirilir. Demək olar ki, əzəli torpaqlarımız hər gün bir köç karanını qarşılayır. Xalqımızın Ümummili Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, yürütdüyü güclü daxili və xarici siyasəti, qəbul etdiyi qərarlar, sərgilədiyi diplomatik gedişlər Azərbaycan xalqının tarixinə Zəfər sözünü yazdı. O Zəfəri ki, illərlə öz doğma yurdundan didərgin düşmüş insanları yurd yerlərinə qovuşdurdu. Tarixi torpaqlarımıza sahib olduq. Dünyada qalib xalq kimi adımız hallandı. Münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, hərb yolu ilə torpaqlarımız işğaldan azad olundu. Bu tarixi ədalətimiz idi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Artıq biz Qarabağa və Şərqi Zəngəzura qayıtmışıq. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, işğaldan azad olunan ərazilər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub. "Biz infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək", - deyə Prezident bildirib. Dövlət başçımızın qeyd etdiyi kimi, artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb: "Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə "Böyük Qayıdış" Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən "Böyük Qayıdış"ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə