"Azərbaycan torpaqlarına sahib çıxdığını sübut etdi" - ŞƏRH OLUNDU

“Azərbaycan hələ torpaqları işğal altında olarkən “Böyük Qayıdış" planı hazırlamışdı. Burada görülən işlərin ümumi istiqamətləri, resurslar müəyyənləşmişdi. 44 gün davam edən Vətən müharibəsindən ötən qısa zaman ərzində bu istiqamətdə işlər görüldü və Azərbaycanın proqnozları özünü doğrultdu”. Bu sözləri SİA-ya aıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, işğal altında olan torpaqlarımızın böyük bir hissəsi minalanmışdı, kommunikasiyalar, evlər dağıdılmışdı: “Bir sözlə, hər şeyə yenidən başlamaq lazım idi və Azərbaycan bütün bu işlərin öhdəsindən gəldi. Bu gün kommunikasiyalar demək olar ki, bərpa edilib, eyni zamada yeni kommunikasiya xətləri də çəkilir.

Göygöldən Kəlbəcərə tunel çəkilməsi qış aylarında ora gediş-gəlişi asanlaşdıracaq. Eyni zamanda turist imkanlarına da müsbət mənada təkan verəcək. Artıq iyirmiyə qədər yaşayış məntəqəsinə iyirmi minə qədər vətəndaşımız gedib. Bütövlükdə işğaldan azad edilən ərazilərimizdə əlli minə qədər insan yaşayır və işləyir. Demək olar ki, hər gün bu və ya digər yaşayış məntəqəsinə çox sayda məcburi köçkünlər geri qayıdırlar. Onların nəinki yaşayışı, eyni zamanda iş yerləri məsələsi də həll olunur. Sözügedən zonaya investisiyaların cəlb edilməsi istiqamətində böyük işlər görülür, həm dövlət, həm də özəl sektordan investisiyalar cəlb edilməsi mühiti formalaşdırılıb və konkret nəticələr var. Həmçinin xarici şirkətlərin də işğaldan azad edilmiş torpaqlarda işləməsi üçün müvafiq mühüt yaradılıb.

İşğaldan azad edilmiş torpaqlarda tamamilə yeni bir həyat qurulur, yeni yaşayış kompleksləri salınır. Azərbaycanın digər regionlarından olan insanlar da bu ərazilərdə yaşamaq, iş görmək istəklərini bildirirlər və müvafiq şərait yaradılır. Azərbaycan torpağına sahib çıxmağın, eyni zamanda müasir yaşayış şəraiti yaratmağı bacardığını bir daha sübut edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə