"19–20 sentyabr lokal antiterror əməliyyatı 44 günlük müharibədə həll olunmayan məsələləri həll etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rizvan Hüseynov deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycanın strateji əhəmiyyət daşıyan şəhərləri, əraziləri və xüsusilə Qarabağın paytaxtı, incisi olan Şuşa şəhəri azad olunmuşdu: "Amma düşmən hələ də digər ərazilərdə – Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və başqa yerlərdə ordusunu yerləşdirmişdi. Rusiya sülhməramlılarının dəstəyi ilə həmin qüvvələr Azərbaycan dövlətçiliyinə qarşı ciddi təhdid olaraq qalırdı.
Mütləq bu məsələ həll olunmalı idi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı məhz bu baxımdan strateji əhəmiyyət daşıyırdı. Bu təhdid aradan qaldırıldı və qısa müddət ərzində düşmən qüvvələrinin canlı qüvvəsi zərərsizləşdirildi, onlar Azərbaycan ərazisini tərk etdilər. Bununla yanaşı, bu prosesdən istifadə edən və Azərbaycana qarşı fəaliyyət göstərən xarici qüvvələr də faktiki olaraq məğlub oldular.
Burada təkcə erməni millətçiliyi deyil, onun arxasında dayanan Rusiyanın müəyyən hərbi-siyasi dairələri, İrandan SEPAH və digər qurumlar, ABŞ-da demokratlar – o cümlədən prezident Co Bayden, USAID və digər təşkilatlar, həmçinin Fransa rəhbərliyi də məğlubiyyətlə üzləşdi. Beləliklə, Azərbaycan təkcə hərb meydanında deyil, həm də geosiyasi müstəvidə 2023-cü ilin sentyabr əməliyyatı ilə böyük bir zəfər qazandı və qalib gəldi. Nəticə etibarilə, bütün Cənubi Qafqazda yeni bir geosiyasi reallıq formalaşdı. Azərbaycan bu yeni reallığı diktə etdi. Hərb meydanında qazanılan qələbələr indi geosiyasi, geoiqtisadi, nəqliyyat, tranzit və digər sahələrdə daha geniş uğurlara çevrilir".
Bütün xəbərlər Facebook səhifəmizdə