"Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda güc balanslarını ciddi şəkildə dəyişdirəcək. Bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə ölkənin ərazi bütövlüyünü faktiki möhkəmləndirəcək. Eyni zamanda, Türkiyə ilə quru bağlantısı bərpa olunacaq və strateji müttəfiqlik yeni mərhələyə keçəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, dəhlizin iqtisadi əhəmiyyəti böyükdür:
"Azərbaycan tranzit və logistika mərkəzinə çevrilərək regionun əsas ticarət arteriyalarından birinə sahib olacaq. Bu, həm enerji, həm də qeyri-neft məhsullarının daşınmasını asanlaşdıracaq. Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə inteqrasiyası isə milli həmrəyliyin güclənməsinə xidmət edəcək. Layihədən Ermənistan da qazanc əldə edəcək, çünki yeni dəhliz onun iqtisadi əlaqələrini genişləndirəcək və təcriddən çıxış imkanı yaradacaq. Bu, region xalqları arasında əməkdaşlığın artmasına və qarşılıqlı asılılığın güclənməsinə gətirib çıxaracaq. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq daha da dərinləşəcək, Azərbaycanın Avrasiya məkanında mövqeləri möhkəmlənəcək. Region ölkələrinin birgə maraqları isə yeni nəqliyyat arteriyasına davamlılıq qazandıracaq. Ümumilikdə, Zəngəzur dəhlizi Azərbaycanın siyasi çəkisini artıracaq, iqtisadi imkanlarını genişləndirəcək və Cənubi Qafqazın əsas inkişaf layihəsi kimi tarixə düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə