"Böyük Qayıdış Azərbaycanın gələcəyinə yönəlmiş strateji yol xəritəsidir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycanın müasir tarixində ən önəmli layihələrdən biri Böyük Qayıdış proqramıdır. Bu proqram sadəcə insanların doğma torpaqlarına köçürülməsi ilə məhdudlaşmır, əksinə, geniş miqyaslı sosial-iqtisadi, siyasi və mədəni prosesləri əhatə edir. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, o cümlədən sonuncu dəfə Kəlbəcərə səfəri, dövlətin bu məsələyə ən yüksək səviyyədə diqqət və nəzarət göstərdiyini təsdiqləyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Böyük Qayıdış Azərbaycan dövlətinin strateji hədəflərindən biridir. Burada aparılan quruculuq və bərpa işləri - yeni infrastrukturun yaradılması, yolların, elektrik və su xətlərinin çəkilməsi, təhsil və səhiyyə müəssisələrinin inşası - insanların təhlükəsiz və rahat şəkildə geri dönməsinə zəmin yaradır. Artıq bir neçə rayon və kənddə köçürülmə prosesi başlayıb və bu, gələcəkdə daha böyük miqyas alacaq: "Sosial baxımdan Böyük Qayıdış Azərbaycan cəmiyyətində milli həmrəyliyi gücləndirir. Onilliklərlə doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın öz evlərinə qayıtması milli kimliyin bərpası və ədalətin təmin olunması kimi dəyərləndirilir. Bu, həm də xalqın dövlətinə və rəhbərliyinə olan etimadını daha da möhkəmləndirir.
Siyasi aspektdən isə Böyük Qayıdış Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının praktiki göstəricisidir. Prezidentin Kəlbəcərə və digər azad olunmuş bölgələrə hər səfəri həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə güclü mesaj verir: Azərbaycan həmin torpaqlarda tam sahiblik hüququnu həyata keçirir, burada davamlı inkişaf konsepsiyasını reallaşdırır. Bu, regionda yeni siyasi reallığın formalaşmasına səbəb olur. Böyük Qayıdış həm də Azərbaycanın gücünün, iradəsinin və planlı siyasətinin nəticəsidir. Bu proses təkcə məcburi köçkünlərin həyatına deyil, bütövlükdə ölkənin iqtisadi inkişafına və regional əməkdaşlıq imkanlarına ciddi töhfə verir. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası Azərbaycanın ümumi iqtisadi potensialını gücləndirir, ölkəni regionun ən mühüm inkişaf mərkəzlərindən birinə çevirir.
Yekunda qeyd etmək lazımdır ki, Böyük Qayıdış sadəcə bir layihə deyil, Azərbaycanın gələcəyinə yönəlmiş strateji yol xəritəsidir. Bu proqramın uğurlu icrası həm ölkə daxilində sosial-siyasi sabitliyi möhkəmləndirəcək, həm də Azərbaycanın beynəlxalq nüfuzunu artıracaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə