"Daha güclü Qarabağ və daha güclü Azərbaycanın formalaşacağına inam böyükdür" - ŞƏRH EDİLDİ

"Qarabağın işğaldan azad edilməsindən sonra bölgədə həyata keçirilən bütün layihələr - istər qlobal miqyasda olsun, istərsə də yerli mahiyyət daşısın - heç bir fərqi yoxdur, hər biri regionun yenidən inkişafı, sivil dünyaya, həm Azərbaycana, həm də beynəlxalq arenaya inteqrasiyası baxımından böyük önəm kəsb edir. Məsələn, yeni yolların çəkilməsi, dağıdılmış yolların bərpası, şəhərlərin, qəsəbələrin, kəndlərin yenidən qurulması, Qarabağda yeni iqtisadi zonaların yaradılması, beynəlxalq hava limanlarının fəaliyyətə başlaması və sənaye parklarının inkişafı bu işlərə daxildir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

O bildirib ki, işğal zamanı ermənilər tərəfindən öz doğma yurd-yuvasından məcbur köçkün düşmüş insanların geri qayıtması həm dövlətin maraqları, həm də insan hüquqları baxımından xüsusi əhəmiyyət daşıyır: "Qarabağ Azərbaycanın ən məhsuldar, səfalı və verimli torpaqlarıdır və bu torpaqlara həyatın qayıdışı sosial, iqtisadi və mədəni baxımdan mühüm rol oynayır. Eyni zamanda, insanlar öz doğma torpaqlarına qayıdır, hüquqları bərpa olunur və bu proses beynəlxalq ictimaiyyətə açıq mesaj verir: Qarabağ tarixi, hüquqi və real baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistanın və onun havadarlarının əks iddialarına baxmayaraq, bu ərazilərin sahibləri azərbaycanlılardır. İşğal dövründə xarabaya çevrilmiş ərazilər indi abadlaşır, sivil həyat bərpa olunur, infrastruktur qurulur, iqtisadi və sosial layihələr həyata keçirilir.

Bütün bunlar Azərbaycanın daxili gücünü və beynəlxalq legitimliyini daha da möhkəmləndirir. Həm dost, həm də rəqib ölkələr bu reallığı qəbul etmək məcburiyyətində qalırlar. Ümumilikdə, Qarabağda icra olunan sosial, iqtisadi və infrastruktur layihələri öz sahələri üzrə müstəsna əhəmiyyət daşıyır. Yaxın gələcəkdə bu layihələrin uğurla başa çatacağı və Qarabağda daha güclü bir reallığın - daha güclü Qarabağ və daha güclü Azərbaycanın formalaşacağına inam böyükdür".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə