"Azərbaycanın qarşısında böyük zəfər perspektivləri açılıb" - MÜNASİBƏT BİLDİRİLDİ
"Hərb meydanında əldə olunmuş qələbənin sülh prosesində də saxlanılması və real qələbə məqamlarına çevrilməsi heç də həmişə mümkün olmur və hər dövlətə qismət olmur. Yaxşı bir haldır ki, Azərbaycan həm döyüş meydanında qalib gəldi, həm də müharibədən sonrakı sülh proseslərinin gedişində təşəbbüskar və öz mövqeyini qəbul etdirə bilən zəfər tərəfi kimi özünü təsdiqləyə bildi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, birinci növbədə Azərbaycanın döyüş meydanında qazandığı şəriksiz qələbə və üstünlüyü ilə bağlıdır. Azərbaycan Prezidentinin böyük təşkilatçılığı, ölkənin gücü, cəmiyyətin verdiyi dəstək, ictimai və milli mobillik müharibədə Azərbaycanın qəti qələbəsini təmin etdi ki, bunun da əsas təşkilatçısı təbii ki, ölkənin Prezidentidir: "Döyüş meydanında qələbənin ümumi ruhunu Azərbaycan Prezidenti müharibədən sonrakı sülh danışıqları prosesində siyasi və diplomatik arenada da qoruyub saxlaya bildi. Bunun nəticəsidir ki, bu gün sülh sazişinin imzalanmasına ən yaxın olduğumuz bir məqamda yenə də üstünlük və təşəbbüskarlıq Azərbaycanın tərəfindədir.
Bu, birinci növbədə müharibədə qazandığımız qətiyyətli hərbi zəfərin nəticəsidir. İkincisi, Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsi və özünə inamının artmasının nəticəsidir. Üçüncüsü, Azərbaycanın öz problemlərini, xüsusilə ərazi bütövlüyü ilə bağlı problemləri öz gücünə həll etməsi şəksiz olaraq dünyada Azərbaycanın nüfuzunu xeyli dərəcədə möhkəmləndirib. Belə şəraitdə Vətən müharibəsindən sonrakı sülh sazişinin imzalanma proseslərinin uğurla həyata keçirilməsində də Azərbaycanın qarşısında böyük zəfər perspektivləri açılıb. Heç bir şübhə yoxdur ki, müharibəni qələbə ilə başa çatdırdığımız kimi, sülh prosesini də qələbə ilə başa çatdıra biləcəyik. Eyni zamanda Azərbaycan müharibədən necə ki, güclənmiş və qüvvətlənmiş şəkildə çıxdı, sülh sazişinin normallaşma prosesinin başa çatdırılması və rəsmiləşdirilməsi prosesindən də Azərbaycan bu cür güclənmiş və möhkəmlənmiş şəkildə çıxacaq.Hətta bütün bu hərbi və diplomatik zəfər prosesinin müəllifi Azərbaycan Prezidenti, Azərbaycan xalqı və cəmiyyətin Azərbaycanın dövlət başçısına verdiyi sistemli və fasiləsiz dəstək nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə