"Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin kökləri tarixi və siyasi səbəblərə dayanır" - ŞƏRH EDİLDİ

"Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildən bu günə qədər Rusiya ilə münasibətləri heç vaxt tamamilə stabil olmayıb. Bunun həm tarixi, həm də siyasi səbəbləri var. Əslində, bu gərginliklərin kökləri XIX əsrdə xanlıqlar dövründə Rusiya imperiyasının yürüdüyü işğal siyasətinə qədər gedib çıxır. Gəncə, Qarabağ, Lənkəran kimi mühüm xanlıqların hərbi yolla ələ keçirilməsi, İbrahim Xəlil xanın qətlə yetirilməsi və bölgədə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi uzunmüddətli demoqrafik və siyasi dəyişikliklərə səbəb oldu. Bu proses eyni zamanda azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası ilə müşayiət olundu". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, sovet dövründə də Moskva, Azərbaycanın strateji maraqlarını çox vaxt nəzərə almayan bir mərkəz rolunu oynadı. 20 Yanvar faciəsi, Qarabağ münaqişəsinin başlanğıcında SSRİ rəhbərliyinin tərəfsiz görünməsinə baxmayaraq, əslində Ermənistana siyasi və hərbi dəstək verməsi bu münasibətlərdə dərin iz buraxdı. Xocalı soyqırımı zamanı və torpaqlarımızın 30 il işğal altında qalması dövründə də Rusiyanın Ermənistanı açıq və gizli şəkildə silahlandırması Azərbaycanın Rusiyaya inamını ciddi şəkildə zədələdi: "Müstəqillik dövründə isə Rusiya ilə münasibətlərdə zaman-zaman gərginliklər müşahidə olunub. Son illərdə baş verən hadisələr – Rusiya hərbi təyyarəsinin Azərbaycan tərəfindən vurulması, Yekaterinburqda Azərbaycan diplomatlarına qarşı təxribatlar, Ukrayna müharibəsi fonunda Azərbaycanın enerji infrastrukturunun hədəfə götürülməsi, Rusiya mediasında aparılan anti-Azərbaycan kampaniyası və təhqiramiz çıxışlar – bu gərginliyin müasir mərhələdə də davam etdiyini göstərir. Geosiyasi reallıqlar baxımından bu münasibətlər Cənubi Qafqazda güc balansına birbaşa təsir edir. Azərbaycan artıq öz iqtisadi, hərbi və diplomatik gücünü artıraraq müstəqil xarici siyasət yürüdür. 44 günlük Vətən müharibəsi və ondan sonra əldə olunan uğurlar da göstərdi ki, Azərbaycan regional reallıqları özü müəyyən edə biləcək potensiala sahibdir. Bu, Rusiyanın bölgədəki ənənəvi təsir alətlərini zəiflədir. Bununla belə, Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi də real deyil. Çünki həm coğrafi, həm iqtisadi, həm də enerji layihələri baxımından iki ölkə müəyyən dərəcədə əməkdaşlıq etməyə məcburdur. Amma tarixi təcrübə göstərir ki, Azərbaycan öz milli maraqlarını qorumaq üçün Moskva ilə münasibətlərdə daim ehtiyatlı, balanslı və strateji düşünməlidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə